QARAYARA XƏSTƏLİYİ VƏ ONA QARŞI APARILAN MÜBARİZƏ TƏDBİRLƏRİ

A+
A
A-

 

 

Qarayara bütün növ kənd təsərrüfatı və vəhşi heyvanların, həmçinin insanların xüsusi təhlükəli xəstrəliyidir. Xəstəlik at, qaramal, qoyun və s. heyvanlarda ildırımvari, iti və yarımiti formada, donuzlarda isə əsasən məhdud angina formasında, xəzdərili heyvanlarda isə yem infeksiyası şəklində büruzə verir.

Xəstəliyin törədicisi bacillus anthracis iri, hərəkətsiz, qram-müsbət, spor əmələ gətirən aerob çubuqlardır. Xəstəliyə həssas heyvanların və insanların orqanizmində, həmçinin zülallarla  zəngin süni qida mühitlərində virulentli ştammlara xas olan kapsula əmələ gətirir.

Qarayara xəstəliyi heyvanların və insanların ən dəhşətli və yüksək tələfat verən xəstəliyi kimi qədim əlyazmalarda və kitablarda (b.e.ə-bizim eradan əvvəl) qeyd edilir. Bizim eranın əvvəllərindən başlayaraq XVIII əsrədək qarayara xəstəliyi daha geniş yayılmış və kütləvi tələfat verməsi davam etmişdir.

Qədim yunan mütəfəkkirlərindən Homer, Hippokrat öz əsərlərində qarayaraya oxşar xəstəlik haqqında məlumat vermişlər. Qarayara qədim zamanlardan “müqəddəs od”, “fars odu” və s. adlar altında məlum idi. Ədəbiyyat məlumatlarına əsasən, göstərildiyi kimi, qarayara xəstəliyi demək olar ki, əksər dünya ölkələrində əhali və heyvanlar arasında kütləvi fəlakətlər törətmişdir. Məlumatlar əsasında Rusiya ərazisində qarayara xəstəliyi 978-ci ildə müşahidə olunmuşdur.

Qarayara XVIII-XIX əsrlərdə sürətlə yayılmağa başlamışdır. Bir sıra rus alimləri Sibirdə işləyərkən qarayaranın insanlar və heyvanlar arasında yayıldığını müşahidə etmişlər. XIX əsrin ortalarında xəstəliyin elmi əsaslarla öyrənilməsinə başlanılmışdır.

Qarayaraya dair aparılmış tədqiqatların bir çoxu məşhur alimlərdən L.Paster, R.Kox, K.Daven, L.Tsenkovski, N.Ginz-burq, F.Terentiyev və başqalarının adı ilə bilavasitə bağlıdır.

Bu təhlükəli infeksiyanın respublikamızda qarşısının alınmasında alimlərimizin, o cümlədən M.Qəniyevin, Ə.Ənnağıyevin, Y.Əliyevin, H.Qazıyevin, Y.Paşayevin və başqalarının elmi-tədqiqatlarının xüsusi rolu olmuşdur.

Hazırda bu xəstəlik dünyanın əksər ölkələrində müşahidə edilir. Keçmiş SSRİ ərazisində, həmçinin ölkəmizdə qarayara əsasən sporodik halda görünməklə aparılan profilaktik tədbirlər nəticəsində yox dərəcəsinə endirilmişdir. 

Qarayaranın baş verməsi nəticəsində təsərrüfatlara böyük iqtisadi zərər dəyir. Bu letallıq faizinin yüksək olması, təsərrüfatların sağlamlaşdırılmasına çəkilən xərclərlə əlaqədardır.

Xəstəliyin törədicisi: Qarayara xəstəliyinin törədicisi bac. anthracis düz çöpə bənzər hərəkətsiz spor və uzunluğu 5-8, eni 1-1,5 mikron olan kapsula əmələ gətirən mikrobdur. Amil hərəkətsizdir, ölmüş heyvanların qanı və toxumalarından hazırlanmış yaxmalardan amil tək-tək və bəzən qısa zəncir şəklində çöplərin birləşməsi vəziyyətində görünür.

Heyvan orqanizmində qarayara çöpləri kapsula ilə əhatə olunmuş olur. Bu kapsula qarayara törədicisi üçün çox xarakterik cəhətlərdən biridir. Kapsulanın yaranması xarici mühitdə- serrumlu və qanlı qida mühitlərində də mümkündür.

Hava daxil olduqda 12-42 °C hərarət şəraitində mikrob, spor əmələ gətirir. Qarayara törədicisi süni qida mühitlərində yetişməyə o qədərdə tələbkar deyildir. O, bütün adi qida mühitlərində asanlıqla boy verir.

Laboratoriya şəraitində amili yetişdirmək üçün optimal temperatur 35-37 °C, pH isə 7,2-7,6 olmalıdır.

Bərk qida mühitində yetişdirildikdə amil özü üçün tipik olan (R-forma),  keçid koloniyaları (O- forma), hamar (S-forma) və cırtdan (G-forma) koloniyaları yaradır.

Jelatin qida mühitində, jelatin sütununa sancılmış iynənin boyu üzrə mikrob tədricən inkişaf edərək şaxəli koloniyalar əmələ gətirir ki, bu da başı aşağı sallanmış şam ağacını xatırladır.

Mikrob və onun sporunun davamlılığı: Qarayara törədicisinin vegetativ forması fiziki və kimyəvi təsirlərə davamsızdır. Yarılmamış heyvan cəmdəyində törədicinin vegetativ forması proteolitik fermentlərin təsirindən 2-3 günə, sümük iliyində 7 günə məhv olur. Dondurulmuş ətdə amil 15 gün, duzlanmış ətdə isə amil 45 gün sağ qalır. Spor formada amil torpaqda və suda 10 illərlə, bağlı ampulada laborator şəraitdə saxlanmış bulyon  kulturasında 6 il öz virulentlik qabiliyyətini saxlayır. Vegetativ formanın əksinə olaraq, törədicinin spor forması fiziki və kimyəvi təsirlərə olduqca davamlıdır. Bu forma mənfi temperaturada ipək parçası üzərində qurudulmuş halda öz davamlılığını 50 il, qurudulmuş qanda 23 il, dəri, tük və yunda 34 il saxlayır. Qaynadılma zamanı 5-10 dəqiqə, 140 °C  temperaturda qızdırılmış havada 3 saat ərzində tələf olur.

Dezinfeksiyaedici maddələr adi konsentrasiyada törədicinin sporsuz formasını tez tələf etdiyi halda, spor formasına çox gec təsir göstərir. Məsələn 1%-li karbol turşusu vegetativ formaya 2 dəqiqədə, spora isə 14 gün ərzində təsir göstərir. 10 %-li yeyici natrium qələvisi 2 saat, 10%-li sönmüş əhəng məhlulu isə 48 saat ərzində spora öldürücü təsir göstərir.

Qarayara törədicisinin spor formasının dezinfeksiyası üçün ən təsirli kimyəvi maddələrdən xlorlu əhəng, sülema-karbol turşusu qarışığı, kükürd-karbol turşusu qarışığı və sabun-karbol turşusu qarışığını göstərmək olar.

Epizootoloji xüsusiyyətləri: Qarayara xəstəliyində infeksiyanın əsas mənbəyi torpaqdır. Təbii halda xəstəliyə iri və xırda buynuzlu heyvanlar, at, eşşək, maral və dəvələr həssasdırlar. Bundan başqa bir çox vəhşi heyvanlar da tutulurlar. Donuzlar xəstəliyə az həssasdırlar. İt və pişiklər yüksək dozada yoluxdurulduqda xəstəliyə tutulurlar. Qarayaraya insanlar da həssasdır. Sürünənlər, suda-quruda yaşayanlar, balıqlar və onurğasızlar xəstələnmirlər. Yaşlı heyvanlara nisbətən cavan heyvanlar xəstəliyə daha həssasdırlar.

Aparılan bir çox tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, torpağın hərarəti, nəmlik dərəcəsi və kimyəvi tərkibi uyğun olarsa, bu zaman qarayara mikrobunun sporu vegetativ hala keçərək torpaqda çoxlu miqdarda inkişaf edir və təkrar spor halına keçə bilir.

Beləliklə, torpaq qarayara mikrobunun yaşaması üçün əlverişli mühit olduğu kimi, bu mikrobun inkişafı üçün də əlverişli qida mühitidir. Belə hallarda törədici axar sular və sel suları eləcədə bir çox vasitələr ilə həmin yerdən başqa yerlərə aparılıb, infeksiyanın geniş surətdə yayılmasına səbəb ola bilir.

Xəstəlik törədicisinin əsas mənbəyi xəstə heyvanlardır. Onlar ifrazatları ilə (sidik, kal, tüpürcək və sairə) amili xarici mühitə ifraz edir. Yırtıcı heyvanlar və quşlar xəstəlik törədicisinin yayılmasında mühüm rol oynayır. Bundan başqa amil xəstəlikdən ölmüş heyvanın dəri, yun, buynuz və s. məhsulları ilə də yayılır.

Xəstəliyin yayılmasında əsas rolu heyvan cəsədi oynayır. Ona görə ki, onun bütün orqan və toxumalarında mikrob vardır. Buna görə də xəstəlikdən ölmüş heyvan cəsədinin yarılmasına icazə verilmir.

Heyvan əsasən alimentar yolla yoluxur, aerogen yoluxma nadir hallarda müşahidə edilir. Bundan başqa transmissiv yolla da yoluxma baş verir.

Bir çox alimlərin rəyinə görə qarayaranın baş verməsində torpaq əsas hesab edilir. Torpağa düşmüş sporlar münasib şəraitdə inkişaf edərək fəaliyyətə başlayır və heyvanları yoluxdurur.

Qarayara əksər hallarda sporadiki baş verir. Qarayara mövsümü xarakter daşıyır və adətən yaz-payız aylarında, heyvanlar örüşə sürüldükdə baş verir. Xəstəlik adətən stasionar xarakter daşıyır. İnsan və heyvanlar bu xəstəliyə yay aylarında tutulur.

Gedişi və klinik əlamətləri: Xəstəliyin gizli dövrü olduqca qısadır (1-3gün), xəstəliyin ildırımvari formasında bu dövr 1-3 saata qədər qısala bilər. Xəstəlik ildırımvari, iti, bəzi hallarda yarımiti və ya atipik keçir. İnfeksion prosesin lokalizasiya yerindən asılı olaraq karbunkulyoz, dəri, bağırsaq, ağciyər və anginoz formaları mövcuddur.

İldırımvari gediş zamanı qəflətən heç bir klinik əlamət görünmədən ölür. Qaramal və atlarda əvvəlcə oyanıqlıq və temperaturun 41-42 °C-yə qədər yüksəlməsi, nəbz və tənəffüs tezləşməsi, selikli qişaların sianozluğu müşahidə olunur. Bu dövrdə heyvan yerə yıxılır, başını arxaya və ya döşünə sıxaraq ölür.

İti gediş zamanı isə temperaturun 42 °C-yə qədər yüksəlməsi, əzələlərdə titrəmə, nəbz və tənəffüsün tezləşməsi görünür. Görünən selikli qişaların sianozluğu nəzərə çarpır. Həzm sisteminin pozulması ilə əlaqədar olaraq bağırsaqlarda qaz toplanması, ishal və qəbizlik yaranır. Sağlam inəklərin südü kəsilir, boğazlarda isə balasalma baş verir. Atlarda sancı əlamətləri, arxa ətrafların zəifliyi nəzərə çarpır. Bütün heyvanlarda aqonal dövrdə təbii dəliklərdən qanlı- köpüklü  maye axması görünür. İti gediş 2-3 gün davam edir və 100% ölümlə nəticələnir.

Yarımiti gediş zamanı kliniki əlamətlər iti formada olduğu kimidir. Fərq yalnız ondadır  ki, yarımiti gedişdə kliniki əlamətlər bəzən itir və heyvan sağalmış kimi görünür. Ancaq bir neçə saatdan sonra onların ümumi vəziyyəti pisləşir. Xəstəliyin bu gedişi 8 günə qədər davam edir və vaxtında müalicə aparmadıqda ölümlə nəticələnir.

Xroniki gedişi: Qaramalda qarayara  xəstəliyi bəzi hallarda abortiv və atipik formalarda, bəzi hallarda isə xronik formada gedir. Xəstəliyin abortiv və atipik formaları ümumi temperaturun zəif artması ilə, xronik formada isə uzunmüddət (2-3  ay ) simptomsuz davam etməsi nəticəsində yalnız heyvanın arıqlaması ilə xarakterizə olunur.

Qarayara tam xroniki formada donuzlarda gedir, bu formanı heyvan diri ikən çox vaxt müəy-yən etmək mümkün olmur. Xəstəlik donuzlarda ən çox angina və faringit formasında gedir.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, kənd təsərrüffatı heyvanlarının qarayara xəstəliyində bir o qədər də xüsusi klinik əlamətlər əmələ gəlmir.

Pataloji anatomiya: Qarayara xəstəliyində əmələ gələn patoloji-anatomik dəyişikliklər xarakterikdir. Lakin xəstəliyin törədicisi xarici mühitdə davamlı spor əmələ gətirdiyinə görə, xəstəlikdən ölmüş heyvanın cəmdəyinin yarılmasına icazə verilmir. Cəmdəyin yarılmasına ehtiyac olan zaman bu iş xüsusi şərait yaradıldıqdan sonra aparıla bilər. Əsas patoloji-anatomik dəyişikliklər aşağıdakılardan ibarətdir.

Cəmdək gərginləşməsi zəif olur, yaxud heç əmələ gəlmir, tez çürüyür. Cəmdək çox köpür, təbii dəliklərdən qanlı maye axır. Xəstəlikdən ölmüş heyvanın qanı qara qətrana bənzər rəngdə olur və laxtalanmır. Dərialtı limfa düyünləri həcmən böyümüş, pareniması şirəli və xırda qan sağıntıları səpələnmiş olur.

Qarın, döş və ürək üstü pərdə arasında qanlı serroz mayeyə təsadüf edilir.

Dalaq çox hallarda böyümüş parenximası qan ilə dolu və yumşalmış olur, pulpasından qətranvari qan axır. Qaraciyər və böyrəklər də qan  ilə dolduğuna görə həcmləri böyüyür və üzərində qan sağıntısı olur.

Diaqnozu: Xəstəliyə diaqnoz qoymaq üçün onun epizootoloji xüsusiyyətləri, klinik əlamətləri nəzərə alınmalıdır.

Qarayaraya tutulmuş və ya şübhəli cəmdəkləri yarmaq qadağandır. Lakin belə cəmdəklərdən material götürmək üçün xüsusi yarma qaydalarından istifadə olunur.

Diaqnoz qoymaq məqsədilə patoloji material qarayara  xəstəliyindən ölmüş heyvanın qulağından və ya qanından götü-rülür. Qan götürmək üçün əşya şüşəsi və ya adi şüşə üzərində qalın yaxma hazırlanır və havada qurudulur (yaxmanı milçəklərdən və başqa həşəratlardan qorumaq lazımdır). Sonra həmin yaxmalar kağıza bükülür və sınmayan qutuya qoyulub laboratoriyaya göndərilir.

Ölmüş heyvanın qulağını kəsib götürmək üçün qulağın kök nahiyyəsinə liqatura qoyulur və kəsilir. Kəsilmiş yeri bağlayıb və ona yod sürtürlər. Kəsilmiş qulaq parçaya bükülüb sınmayan qabda laboratoriyaya göndərilir.

Qarayara mikrobu çürümə prosesinə çox davamsızdır. Bu zaman mikrob tələf olmaqla, onun hüceyrəsi lizisə uğrayır. Bunu nəzərə alaraq göndərilən nümunə təzə ölmüş cəmdəkdən götürülməklə, təcili olaraq müayinə üçün göndərilməlidir.

Laboratoriyada mikroskopiki  müayinə zamanı nümunədə qarayara mikrobuna bənzər mikrob tapılarsa, tam bakterioloji müayinənin cavabını gözləmədən təsərrüfat həkiminə şərti olaraq qarayaraya şübhəli olması haqda xəbər verilməlidir.

Xəstəliyə diaqnoz qoymaq məqsədilə seroloji reaksiyalarddan PR (prisiptasiya reksiyası) və DPZ (diffuz prisiptasiya reaksiyası) işlədilir. Prisiptasiya reaksiyası dərilərin kütləvi surətdə qarayaraya qarşı müayinəsi üçün ən əlverişli diaqnoz sınağı hesab olunur.

Laboratoriyaya göndərilən nümunələrdə çürümə gedən zaman həmin nümunəni prisiptasiya reaksiyası ilə də qarayaraya müayinə etmək mümkündür.

Təfriqi diaqnoz: Xəstəliyi emfizematoz karbonkul, pasterelyozdan, bradzoddan, enteretoksemiyadan, teyleriozdan, zəhərlənmədən təfriq etmək lazımdır.

Pasterellyoz  və emfizematoz karbunkul xəstəliklərini qarayaradan fərqləndirmək üçün birinci növbədə bu xəstəliklərin epizootoloji xüsusiyyətlərinə fikir vermək lazımdır. Bu cəhətdən daha xarakterik əlamət, pasterellyoz və emfizematoz karbunkul xəstəliklərinə cavan (dörd yaşa qədər)  heyvanların tutulmasıdır.

Yuxarıda göstərilən xəstəlikləri qarayaradan düzgün təfriq etmək üçün hər xəstəliyin xüsusiyyətini, epizootoloji, klinik, patoloji-anatomik cəhətlərini nəzərə almaqla fərqləndirici bakteroloji müayinənin aparılması daha əlverişlidir.

Müalicə və profilaktikası: Xəstə heyvanlar ayrılaraq təcili müalicə edilməlidir. Bu məqsədlə müxtəlif antibiotiklər, spesifik hiperimmun serrum işlədilir. Xüsusilə antibiotiklərin spesifik hiperimmun serrumla birlikdə işlədilməsi yaxşı təsir göstərir.

 Serrum xırdabuynuzlu heyvanlara, donuz və buzovlara 50-100 ml, iribuynuzlu heyvanlara və atlara isə 100-200 ml vena daxilinə vurulur.

Anaflaksiya şokunun baş verməməsi üçün əvvəlcə 0,1-1,0 ml serrum   vena daxilinə vurulur və yarım saat keçmiş tam dozada inyeksiya  edilir. Eyni zamanda antibiotiklər yüksək dozada işlədilir. Bunun üçün hər 100kq diri çəkiyə 500 min təsir vahidi pensilin 4 saatdan bir əzələ daxilinə vurulur. Müalicə kursu 3-4 gün-dür.

Xəstəliyi ləğv etmək və kökünü kəsmək üçün aparılan tədbirlər: Bütün yoluxan xəstəliklərdə xüsən qarayara xəstəliyində, mübarizə tədbirləri iki yerə bölünür: Xəstəlik baş verən zaman aparılan tədbirlər və xəstəlik üzrə salamat olmayan təsərrüfatda aparılan tədbirlər. Qarayara baş verən zaman aşağıdakı tədbirlər görülməlidir:

1.Xəstəliyi birinci dərəcəli mənbəyi olan ölmüş heyvanın cəmdəyi vaxtında yığışdırılıb yandırılma yolu ilə tələf edilməlidir.

2. Bütün heyvanlar termometriya edildikdən sonra tapılan xəstə heyvanlar izolyasiya edilməlidir.

3. Xəstəlik müəyyən olunan heyvan tövlələri və həyətlər dezinfeksiya edilir. Dezinfeksiya zamanı binada olan bütün yararsız cisimlər təmizlənib yandırılmalıdır. Binaların dezinfeksiyaslı 20%-li xlorlu əhəng, 10%-li karbol kükürd turşusu qarışığı və yaxud yeyici qələvi ilə aparıla bilər. Təsərrüfatda olan bütün heyvanlar kliniki müayinə və termometriya edilir və bunun nəticəsində heyvanlar xəstə, xəstəliyə şübhəli və hələlik sağlam yaxud yoluxmaya şübhəli qruplara bölünürlər. Birinci və ikinci qruplara ayrılan heyvanlar qarayara əleyhinə olan hiperimmun serrum və simptomatik olaraq dərmanlar ilə müalicə olunurlar. Üçüncü qrupa aid olan heyvanlara isə profilaktik dozada serrum vurulur 4-5 gündən sonra isə həmin heyvanlarda vaksinasiya aparılır.

4. Baş vermiş infeksiyanın ləğvində və gələcəkdə təsərrüfatı infeksiyadan təmizləməkdə infeksiya mənbəyinin müəyyən edilməsinin olduqca böyük əhəmiyyəti vardır.

Ümumiyyətlə, xəstəlik baş vermiş təsərrüfatda bütün baytarlıq-sanitariya tədbirlərinin ciddi surətdə keçirilməsinə fikir verilməlidir.

Xəstəlik baş vermiş təsər-rüfata karantin qoyulur. Karantinin müddəti 15 gündür.

Qeyd etmək lazımdır ki, qarayaranın baş verməməsi üçün xüsusi profilaktikanın aparılmasının böyük əhəmiyəti vardır.

 Qoruyucu peyvəndlər: Qarayara xəstəliyini keçirmiş heyvanlarda davamlı və uzun müddətli immunitet yaranır. Buna əsaslanaraq xəstəliyin profilaktikası məqsədilə müxtəlif vaksinlər təklif edilmişdir. Hal-hazırki dövrə qədər immunitetin yaranma mexanizmi dəqiq öyrənilməyib.

Qarayara xəstəliyinə qarşı müxtəlif vaksinlər hazırlanıb təklif edilmişdir. İlk vaksin 1881-ci ildə L.Paster tərəfindən hazırlanmışdır.

Ədəbiyyat məlumatları əsasında məlum olur ki, bir sıra  görkəmli xarici alimlər tərəfindən müxtəlif illərdə qarayaraya qarşı peyvənd vasitələri təklif edilmişdir (L.Paster, L.Tsenkovski, S.Kolesov, J.Borisoviç, N.Pokşişevski, F.Terentyev və b ).

1942-ci ildə N.Ginzburq STİ adlı qarayara vaksin təklif edilmişdir. Bu vaksin keçmiş SSRİ ərazisində geniş surətdə həssas heyvanların peyvənd edilməsində müvəffəqiyyətlə tətbiq edilmişdir.

Hazırda ölkəmizin ərazisində Ümumrusiya Elmi-Tədqiqat  Baytarlıq Virusologiya və mikrobiologiya institutu tərəfindən hazırlanmış “ Ştam-55” vaksini geniş surətdə həssas heyvanların peyvənd olunmasında istifadə edilir. Dövıət baytarlıq xidmətinin rəsmi məlumatı əsasında 2016-cı il ərzində 2.868.246 baş iri buynuzlu, 7.583.684 baş xırda buynuzlu, 95580 baş təkdırnaqlı və 7532 baş donuzlar qarayarya görə  St-55 vaksini ilə peyvənd edilmişdir.

Qarayaraya qarşı profilaktiki peyvəndləmə epizootik plan əsasında aparılmalıdır.

Heyvanların peyvəndi təsdiq edilmiş təlimat əsasında aşağıdakı qaydada aparılmalıdır.

-Bir yaşdan böyük qaramal, qoyun, keçi təlimat əsasında profilaktik olaraq ildə bir dəfə;

-Körpə buzovlar 3 aylıqda və təkrar 6 aylıqdan sonra, bundan sonra yaşlılarda olduğu kimi ildə bir dəfə;

-Atlar ildə bir dəfə 9 aylıqdan başlayaraq, məcburi hallarda 3 aylıqdan;

-Donuzlar 3 aylıqdan etibarən ildə bir dəfə, yalnız açıq gəzinti şəraitində saxlanılanlar;

-Quzular 3 aylıqdan sonra 6 aylıqda, bundan başlayaraq ildə bir dəfə.

 Peyvəndlənmiş heyvanların ət üçün kəsilməsinə peyvəndlənmədən 14 gün keçdikdən sonra icazə verilir.

Qarayara mikrobu  torpaqda uzun illər qaldığından qarayara baş vermiş məntəqə ömrünün axırınadək qeyri-sağlam məntəqə kimi qalır. Qarayaraya qarşı aparılan bütün tədbirlər səhiyyə nazirliyi ilə  birlikdə aparılmalıdır.

Məlum olduğu kimi qarayara vaksini ilə peyvənd aparıldıqdan sonra 12 ay müddətinə immunitet yaradır.

Bunu nəzərə alaraq, qarayaraya qarşı tədbirlərin aparılmasını ilin əvvəlində heyvanların bruselyoza görə müayinə aparılmasını təşkil edən vaxt heyvanların da qarayaraya qarşı peyvənd olunmasını təşkil etməklə iki tədbiri eyni zamanda aparmaqla mütəxəssislərin əməyini yüngülləşdirmiş oluruq.

İnsanlarda qarayara:- İnsanlarda xəstəlik daha çox karbunkul formasında gedir. Bu zaman xəstəlik bədənin çılpaq yerlərində (əl, ayaq, üz ) dəri üzərində yaraya karbunkulunun inkişaf etməsi ilə xarakterizə olunur. Xəstəliyin əsas mənbəyi xəstə heyvanlar, onlardan alınmış məhsullar və xəstə heyvanların ifrazatları ilə çirklənmiş müxtəlif  əşyalar və çirklənmiş torpaqlardan ola bilir. Bu xəstəlik daha çox heyvanlarla və heyvandarlıq məhsulları emal edilməsi ilə əlaqədar  olan adamlar arasında baş verir.

İnqubasiya dövrü 2-3 gündür. İnfeksiyanın giriş qapısında ( əldə, üzdə, boyunda, ayaqda) qaşınan qırmızı ləkə əmələ gəlir. Sonralar həmin ləkə düyünə çevrilməklə bunun dövrəsində venoz qan durğunluğu nəticəsində hiperemiya əmələ gəlir. Bir müddətdən sonra əmələ gəlmiş düyünün təpə hissəsi suluqlamağa başlayır.Qanvari maye ilə dolmuş suluq böyüyərək partlayır və üzəi dəri səthindən aşağı düşmüş qara qartmağa çevrilir.

Qarayara karbunkulu üçün ən xarakterik cəhət onun ağrısız olmasıdır, xəstə karbunkula iynə batırılmasını belə hiss etmir.

Qarayara insanlarda ağciyər və bağırsaq formasında gedir və  həmişə ölümlə nəticələnir.

Diaqnoz, xəstəliyin epidemioloji gedişinə, klinik əlamətlərinə və tam baktereoloji müayinəyə əsasən qoyulur.

Müalicə, atları immunizasiya etməklə əldə edilmiş serrumla aparılır. İnsanlar üçün bu serrum səhiyyə nazirliyinin mikrobioloji institutları tərəfindən hazırlanır. Xəstələr mütləq xəstəxanaya yerləşdirilməli və müalicə olunmalı, əhali arasında sanitar maarifləndirmə işi aparılmalıdır. İnsanlarda kütləvi profilaktik  peyvənd aparılmalıdır. Lakin qarayara törədicisi ilə işləyən müəssisələrdə, yaxud bu xəstəliyə görə ocaq hesab oluna bilən müəssisələrdə işləyən işçilər arasında vaksinasiya aparılması məsləhətdir.

04.05.2017
699

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər