Leptospiroz (iqterohemoqlobinuriya)

A+
A
A-

 

 

 

Leptospiroz (iqterohemoqlobinuriya) təbii ocaqlı infeksion xəstəlik olub kənd  təsərrüfatı heyvanlarının, eləcə də bir çox vəhşi heyvanların əsasən iti xarakterdə gedən xəstəliyi olmaqla, qansızlıq, sarılıq, hemoqlobinuriya, dərinin  nekrozu , qoyunlarda yunun tökülməsi, mədə önlüklərinin atoniyası və s. kimi əlamətlərlə meydana çıxır. Xəstəliyə insanlar da yoluxur.

Xəstəlik keçmiş ittifaq ərazisində (SSRİ nəzərdə tutulur) 1935-ci ildə Şimali Qafqazda “iqterohemoqlobinuriya“ adlı ilə müəyyən  edilmişdir.

1934-1935-ci illərdə Şimali Qafqazda rus alimləri Ş.N.Nikolski və Q.F.Marçenko kənd təsərrüfatı heyvanlarında leptospirozu, V.İ.Terskix isə törədicinin leptosiplər olmasını müəyyən etmişlər. Leptospiroza dünyanın əksər ölkələrində, ən çox isti zonalarında təsadüf edilir.

Azərbaycan Respublikasında kənd təsərrüfatı heyvanlarının leptospirozunun epizootoloji xüsusiyyətlərinin öyrənilməsində və diaqnostikasının təkmilləşdirilməsində akademik M.Ə.Musayevin, professor K.M.Səfərovun, M.M.Fərzəliyevin, M.M.Həlimbəyovun, Ə.H.Əliyevin, A.Əliyevin, S.İ.Əliyevin və A.T.Hacıyevin elmi tədqiqatlarının xüsusi əhəmiyyəti olmuşdur. Xəstəliyə qarşı ilk vaksin S.İ.Lübaşenko tərəfindən hazırlanmışdır.

Leptospirozda letallıq 20-25 % təşkil edir. Xəstəlik nəticəsində boğaz heyvanlarda balasalma, məhsuldarlığın aşağı düşməsi, müəyyən diaqnostik və sağlamlaşdırıcı tədbirlər sistemindən ibarət işlərin həyata keçirilməsi ilə əlaqədar olaraq təsərrüfatlara böyük iqtisadi zərər dəyir.

Xəstəliyin törədicisi: Xəstəliyin törədicisi leptospirlər olmaqla spiroxeta ailəsinə daxildir. Bunlar bakteriyalar ilə ibtidailər arasında nazik qütb sapına və onu əhatə edən siptoplazmatik spirala malikdir. Leptospirlərin ucları qarmaq kimi əyilmiş olur. Onların uzunluğu orta hesabla 6-15 mkn, eni isə 0,1-0,25 mkn-a çatır. Fəal şəkildə hərəkətə malikdir.

Leptospirlər təbiətdə geniş yayılmaqla 2 böyük növə: parazit l.interrogans və sapofit l.biflexa leptospirlərə bölünürlər. Patogen leptospirlər bir çox seroloji qrupda birləşmişlər. Hər seroloji variant bu və ya digər heyvana daha çox patogenlik göstərir. Məsələn, l.icterohemorrhogiae insanlarda, l.grippothpphoza isə iribuynuzlu heyvanlarda ağır formada xəstəlik törədir.

Leptospirlər adi anilin boyaları ilə boyanmır. Bunları görmək üçün kondensorun qaranlıq sahəsindən istifadə edilir. Leptospirlər adi qida mühitlərində boy vermir, yetişdirilməsi üçün xüsusi qida mühitləri lazımdır. Çoxalması üçün əlverişli temperatur 23-25 °C və pH 7,2-7,4 hesab edilir.

Leptospirlərin patogen serovarları günəş şüalarının və yüksək temperaturun təsirlərinə həssasdırlar (suda 45 °C-də 45 dəqiqədən, 70 °C-də 10 saniyədən sonra məhv olur ). Quru torpaqda 2-3 saat, bataqlıqda 200 günə qədər, şirin sularda bir neçə saatdan 30 günədək yaşaya bilir. Leptosiplər sidikdə 4 saatdan 6-7 günə qədər, atılmış balada bir neçə gün, dondurulmuş spermada isə 1-3 il sağ qalır.

Kimyəvi dezinfeksiya maddələrindən 5%-li karbol turşusu, 0,25%-li xlorlu əhəng məhlulu amili 5-10 dəqiqəyə, 1%-li natrium qələvisi isə ani olaraq məhv edir.

Epizootoloji xüsusiyyətləri: Təbii şəraitdə əsasən iribuynuzlu heyvanlar, qoyunlar, keçilər, camışlar, donuzlar, atlar, marallar, dəvələr, itlər, pişiklər, tülkülər, quşlar və gəmiricilər (siçovul, siçan və sünbülqıranlar) xəstəliyə həssasdır.

Leptospirozla bütün yaş qrupuna aid olan heyvanlar xəstələnir, ancaq körpə heyvanlar daha çox həssas olmaqla xəstəlik onlarda daha ağır formada gedir. Heyvanlarda leptospirozun törədicilərində növ həssaslığı müəyyən edilmişdir. Belə ki, donuzlarda xəstəliyi l.pomona və l.tarassovi, iribuynuzlu  heyvanlarda l.qrippotyphosa, l.pomona, l.hebdomatis və xırdabuynuzlu  heyvanlarda l.qripptyphosa, l.pomona və l.tarassovi törədir.

İnfeksiyanın mənbəyi xəstə və xəstəlikdən sağalmış heyvanlar hesab edilir. Bunlar xəstəliyin törədicisini əsasən sidik vasitəsilə xarici mühitə ifraz edirlər.

Bundan əlavə leptospirlər süd və nəcislə də ifraz edilir.

Leptospir daşıyıcılığı iribuynuzlu heyvanlarda 6 ay, xırdabuynuzlu heyvanlarda 9 ay, donuzlarda 2 il, itlərdə 3 il, tülkülərdə isə 1,5 ilə qədər davam edir. Gəmiricilər bütün ömrü boyu leptospir daşıyıcıları hesab edilir.

Təbii şəraitdə yoluxma əsasən alimentar yolla baş verir. Xəstəlik sporadik və bəzən enzootik xarakterdə gedir. Xəstəliyin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, infeksiyanın əvvəlində az miqdarda heyvan xəstələnir, bir qədər fasilədən sonra yenidən xəstəlik müşahidə edilir.

Leptospiroz ən çox nəmli və humusu yüksək olan neytral və zəif qələvi mühitli torpaq olan zonalarda müşahidə edilir. Son zamanlar leptospirozda əsas epizootoloji xüsusiyyət onun simptomsuz formaları, yəni leptospir daşıyıcılıq və immunlaşdırıcı subinfeksiyanın özünü göstərməsidir.

Leptospiroz ilin bütün fəsillərində, ancaq iri və xırdabuynuzlu heyvanlarda, atlarda və otlaqdan istifadə edən digər növ heyvanlarda, əsasən yay-payız dövründə baş verə bilir.

Patogenezi: Xəstəliyin inkişaf dinamikasında 4 mərhələ: prodromal, bakteremiya, əsas klinik nişanələr (toksiki) və sağalma nəzərə çarpır.

Orqanizmə daxil olmuş leptospirlər retikulo-endotelial elementlərlə zəngin olan amil orqanlarda toplanır, qana keçir, orada sürətlə çoxalaraq bütün orqan və toxumalara yayılır.

Xəstəlik törədicisi insan və heyvan orqanizminə zədələnmiş dəri, ağız və burun boşluğunun, gözün, sidik tənasüb yolunun, tənəffüs və mədə-bağırsaq yollarının selikli qişaları vasitəsilə  daxil olur. Leptospirlər fəal hərəkətliyi sayəsində qısa müddətdə xəstənin daxili orqan və toxumalarına daxil olurlar.

Leptospirlərin təsirinə qarşı orqanizmdə aqlütininlər və lizinlər yaranır. Əmələ gəlmiş endotoksinlər eritrositləri, porenximatoz orqanların hüceyrələrini parçalayır, buna görə də heyvanlarda anemiya baş verir, qanda çoxlu miqdarda hemoqlobin toplanır ki, bundan da bilirubin yaranır. Leptospiroz zamanı qaraciyər funksiyasını yerinə yetirə bilmir, bilirubin qandan toxumalara adsorbsiya olunaraq onları sarı rəngə boyayır. İntoksikasiya nəticəsində dəri və selikli qişaların kapillyarları zədələnir, burada tromblar yaranır ona görə də toxumaların qidalanması pozulur və nekroz əmələ gəlir.

Xəstəliyin toksiki fazası heyvanın ölməsi və ya müalicə edilərsə sağalması ilə nəticələnə bilər.

Bütün gövşəyən heyvanların leptospiroz xəstəliyi üçün xarakter əlamətlərdən biri mədə önlüklərinin atoniyası hesab edilir. Ümumiyyətlə, mədə və bağırsağın motor funksiyası əksər hallarda zəifləyir və bunun nəticəsində mədə önlüklərində xüsusilə kitabçada şiddətli, çox hallarda heyvanın ölümünə səbəb olan atoniya əmələ gəlir.

Belə bir pozğunluğun əmələ gəlməsinin əsas səbəbi vegetativ sinir sistemi pozğunluğu nəticəsində saya əzələlərin parezə uğramasıdır.

Selikli, seroz qişalarda, toxumalarda, limfa düyünlərində və  daxili üzvlərin bir çoxunda qan sağıntılarının əmələ gəlməsinə təsadüf olunur. Bəzən qan sağıntısı şiddətli, bəzən olduqca zəif olur, bəzən isə gözə çarpmır. 

Xəstəliyin gedişinin kəskinliyi şübhəsiz ki, xəstəlik törədicisinin kəskin inkişafı ilə əlaqədardır, yalnız leptospiroz infeksiyasında deyil, başqa infeksiyalarda da müəyyən edilmişdir ki, törədici orqanizmdə nə qədər sürətlə və çox inkişaf edirsə, patoloji proses, o cümlədən hemmoroji diatez bir o qədər kəskin və tez əmələ gələcəkdir.

Gedişi və kliniki əlamətləri: Bütün kənd təsərrüfatı və xəzdərili heyvanlarda leptospiroz xəstəliyi ildırımvari, iti, yarımiti və xroniki formalarda gedir.

Xəstəliyin inkubasiya dövrü heyvan orqanizminin xarici mühitin və xəstəlik törədicisinin bir çox xüsusiyyətlərindən asılı olaraq bu və digər tərəfə meyl edir. Bu dövr orta hesabla təbii yoluxma zamanı 2 gündən 20 günə kimi davam edir. İri və xırdabuynuzlu  heyvanlarda ildırmvari gediş zamanı temperaturun yüksəlməsi, ümumi zəiflik,  bəzən güclü oyanıqlıq, nəbz və tənəffüsün tezləşməsi, selikli qişalarda sarılıq, qanlı sidik müşahidə edilir.

İldırmvari forma heyvanda birdən-birə baş verməklə, iştaha pozğunluğu, bədən temperaturunun  40-42,5 °C kimi artması, sonra isə normaya və ölənə yaxın normadan aşağı düşməsi, düşgünlük, bəzən isə qıcıqlanmanın əmələ gəlməsi ilə meydana çıxır. Tənəffüs və ürək  vurğuları artır. Eritrositlər hemolizə uğrayır və müəyyən dərəcədə sarılıq və hemoqlobinuriya inkişaf edir, heyvan tez-tez sidik ifraz edir. Sidik qırmızı, tünd-qırmızı rəng alır. Xəstəlik 12-24, bəzən isə 48 saata kimi davam edir. Adətən xəstəlik 100 % ölümlə nəticələnir.

Xəstəlik daha çox iti şəkildə gedir. Əsas əlaməti bədən temperaturunun 40,5-41°C-yə kimi artması ilə meydana çıxır. Yüksək hərarət 1-6, bəzən 8 günə kimi davam edir. Heyvanda ümumi düşgünlük, südün azalması, ishal və s. əlamətlər görünür.

Xəstəliyin gələcək inkişafı, mədə önlüklərində, bağırsaqlarda atoniya, sarılıq, hemiqlobinuriya və dəridə nekrozun əmələ gəlməsi ilə xarakterizə olunur. Lakin bu simptomlarla yanaşı heyvanın ümumi hərarəti aşağı düşür.

Tənəffüs, ürək vurğuları sürətlənir, iştaha mədə önlük-lərinin peristaltikası zəifləyir, yaxud tamamilə itir. Bu zaman qəbizlik əmələ gəlir.

Yarımiti gedişdə nəzərə çarpan dəyişikliklər iti gedişdə olduğu kimidir. Ancaq infeksiya prosesi nisbətən ləng inkişaf edir, bəzən proses heyvanın sağalması ilə nəticələnir. Xəstəliyin bu formasında rinit və konyunktivit nəzərə çarpmaqla, selikli qişalarda və dəridə nekroz sahələri aydın görünür. Boğaz heyvanlarda balasalma müşahidə edilir. Xəstəliyin yarımiti gedişi 20 günə qədər davam edir və vaxtında müalicə aparıldıqda çox vaxt sağalma ilə nəticələnir.

Xroniki şəkildə, xəstəliyin gedişi 3-5 aya kimi davam etməklə, bu müddətdə orqanizmin temperaturunun artması 3-4 dəfəyə kimi residiv verir. Hər residivdə yüksək temperatur 2-5 günə qədər davam edir. Sağlam heyvanların südü azalır, yaxud tamamilə kəsilir. Ümumiyyətlə, belə heyvanlar öz təsərrüfat əhəmiyyətini itirirlər, buna görə də onlar ya ətlik üçün kəsilir, ya da tələf olurlar.

Xəstəliyin bütün formalarında qanda kəskin dəyişikliklər görünür. Eritrosit və hemoqlobinin  miqdarı həddən artıq azalır və leykositoz müşahidə olunur.

Qoyunlarda leptospiroz xəstəliyi iti, yarımiti, xronik və latent şəkillərdə gedir.

İti şəkil. Bu şəkildə xəstəliyin başlanğıc dövrünü klinik əlamətlərə görə müəyyən etmək çox çətindir. Xəstəliyin başlanğıcında ümumi temperatur yüksəlir, lakin bu heyvanın görünüşündə heç bir dəyişiklik yaratmır. Heyvanda temperaturun artması zamanı eritrositlərdə kəskin hemoliz gedir.

Heyvanda ümumi düşkünlüyün əmələ gəlməsi ilə yanaşı, sarılıq və hemoqlobinuliya inkişaf edir. İntensiv inkişaf edən hemoqlobinuriya ilə birlikdə, heyvanın ümumi vəziyyətində kəskin dəyişiklik əmələ gəlməklə, o xarici təsirlərə heç bir reaksiya vermədən az müddətdə tələf olur.

Qoyunlar arasında leptospiroz xəstəliyinin xroniki gedişinə çox az təsadüf edilir. Xroniki gedişin ən xarakter əlamətlərindən biri heyvanın tükünün tökülməsi və şiddətli arıqlamasıdır.

Atlarda leptospiroz xəstəliyinə nisbətən az təsadüf olunur.

İnkubasiya dövrünün 2-20 gündür. Xəstəlik ən çox iti, nisbətən az hallarda isə yarımiti şəkildə gedir.

Xəstəliyin əlamətləri, ümumi temperaturun artması, sarılıq, hemoqlobinuriya, kəskin düşkünlük bəzən dəridə nekrozun əmələ gəlməsi və s. əlamətlərin baş verməsi ilə xarakterizə olunur. Temperatur bir neçə gündən sonra azalır, qanda hemoliz gedir (eritrositlər 3-4 milyona qədər azalır).

Tələfat iti gedişdə 40-60, yarımiti gedişdə isə 15-18%-ə kimi olur.

İtlərdə leptospiroz xəstəliyi uzun müddət ştudqart xəstəliyi adı ilə qeyd edilmişdir. Xəstəlik orqanizmin ümumi temperaturunun 40-41 °C-yə kimi qalxması ilə meydana çıxır. Heyvanda şiddətli düşkünlük, qusma, titrəmə, qanlı ishal, bəzən xarakterik sarılıq, selikli qişalarda qan sağıntısı və yaralı stomatit müəyyən edilir.

Xəstəlik 2-12 günə kimi davam edir. Ölüm 50 % və daha artıq olur.

Patoloji-anatomik dəyişikliklər. Leptospirozda patoloji-anatomik dəyişikliklə, xəstəliyin gedişindən və heyvanın növündən asılıdır.

Xəstəliyə diaqnoz qoymaq üçün epizootoloji xüsusiyyətləri, kliniki əlamətləri və patoloji-anatomik dəyişiklikləri nəzərə alınmalıdır.

Cəsəd gərginliyi qaramalda, atlarda və qoyunlarda çox gec, tülkülər də isə tez əmələ gəlir. Cəsədin xarici görünüşü arıq, qaramalın dərisi üzərində nekroz halları, qoyunlarda isə yunun tökülməsi və qopması, görünən selikli qişalarda anemiya, sarılıq, qaramalda və itlərdə yaralar müşahidə olunur.

Dəqiq diaqnoz qoymaq üçün laboratoriya müayinələri və seroloji reaksiyalardan istifadə edilir. Bakterioloji müayinə zamanı mikroskopiya, təmiz kulturanın alınması və bioloji sınaqdan istifadə edilir. Patoloji material kimi xəstə heyvanların qanı və sidiyi, ölmüş heyvanlardan isə parenximatoz orqanlardan hissələr götürülüb təmiz steril qabda laboratoriyaya göndərilir.

Döş və qarın boşluqlarında 1000 ml-ə qədər açıq sarı rəngdə şəffaf, yaxud bulanıq maye toplanır. Ürək pərdəsində bir qədər bulanıq, sarımtıl rəngdə maye toplanmaqla burada fibrin lifləri əmələ gəlir. Ağciyərlərin parenximası bəzən sarı, bəzən isə solğun çəhrayı olur, parenximası və plevrada qan sağıntılarına da təsadüf  olunur.

Ümumi sarılıq zamanı bağırsaqların selikli qişası saralmış, onun möhtəviyyatı sarımtıl selikli olur. Selikli qişa şişir, bəzən isə onda qan sağıntılarına təsadüf olunur.

Qaraciyər həcmcə böyüyür, solğun-qəhvəyi, sarı-qəhvəyi rəng alır. Öd kisəsi qatı, yapışqanvari tünd-yaşıl ödlə dolu olur.

Böyrəklərdə gedən dəyişiklik daha xarakterikdir. Fibroz kapsula asanlıqla soyulmaqla, böyrəklərin üzərində bərabər olmayan qızartıya və qabıq təbəqəsində xırda qan sağıntılarına təsadüf  olunur. Onları kəsdikdə beyincik hissəsi ilə qabıqcıq arasında olan sərhəd itir.

Dalaq əksər hallarda normada qalır.

Sidik kisəsi genişlənmiş, çox hallarda tünd albalı rəngində sidikdə dolu olur.

Diaqnostikası: Leptosprioz xəstəliyinə diaqnozun qoyulması çətindir, lakin diaqnozun qoyulması üçün kompleks müayinə üsullarını işlətdikdə, düzgün diaqnozun qoyulması mümkündür.

Diaqnozun qoyulması üçün epizootiki, kliniki, patoloji anatomiki, bakterioloji və seroloji müayinələrdən istifadə olunmalıdır.

Epizootoloji müayinədə əsas etibarı ilə xəstəlik mənbəyi, xəstəliyin təsərrüfata gətirilmə yolu, onun baş vermə vaxt, iqlim, meteoroloji və yerin torpaq xüsusiyyəti, heyvanların saxlanılması, yemlənməsi, suvarılması və s. cəhətlər nəzərə alınır.

Diaqnozun qoyulması üçün klinik əlamətlərdən ümumi temperaturun artması xüsusiyyətinə, sarılığa, hemoqlobinuriyaya, qanda hemolizin getməsinə, tükün tökülməsinə, dəridə nekrozun əmələ gəlməsinə daha çox fikir verilməlidir.

Patoloji-anatomik yarma zamanı sarılıq, qan sağıntısı və daxili üzvlərdə gedən dəyişikliklərdən başqa böyrəklərin parenximasında kəskin dəyişikliyin inkişaf etməsinə və dalaqda xarakter dəyişikliyin olmamasına daha çox fikir verilməlidir.

Ümumiyyətlə, heyvanların leptospirozunun diaqnostikası qüvvədə olan baytarlıq-sanitariya qaydalarına uyğun aparılır. Bu müxtəlif kombinasiyalarda istifadə olunan mikrobioloji və immunoloji üsullar kompleksinin tədbiqinə əsaslanır.

Bütün hallarda leptospirozun diaqnozu laboratoriya müayinələri ilə təsdiq edilməlidir.

Azərbaycan şəraitində qaramalın leptospiroz xəstəliyini hemosparidioz xəstəliyindən, davarlarda isə hemosparidioz, infeksion enterotoksemiya və zəhərlənmələrdən, atların leptospirozunun isə infeksion anemiyadan və nuttaliozdan təfriq etmək lazımdır.

Müalicəsi: Leptosprioz xəstəliyi simptomatik və spesifik müalicə edilir.

Simptomatik  müalicə xəstəlik zamanı inkişaf edən simptomlara qarşı aparılır. Leptosprioz xəstəliyində kəskin dəyişiklik mədə önlüklərinin və bağırsağın peristaltikasının pozulması ilə meydana çıxır. Həmin üzvlərin peristaltikasını qaydaya salmaq üçün qlanuber və karsbad duzlarının işlədilməsi yaxşı nəticə verir. Böyrəklərin və başqa sidik üzvlərinin dezinfeksiyası üçün 10%-li urotropin məhlulu və qida maddəsi kimi askorbin turşusu ilə birlikdə qlükoza pis nəticə vermir. Qan doğuran orqanların fəaliyyətinin artması üçün B12 vitamini də yaxşı nəticə verir.

Spesifik müalicə vasitələrindən leptospiroz əleyhinə serum işlədilir və xəstəliyin başlanğıcında müsbət nəticə verir. İribuynuzlu heyvanlara 50-120 ml, buzovlara 20-40 ml, qoyun və donuzlara 5-30 ml dəri altına vurulur. Antibiotiklərdən steptomisin at və iribuynuzlu heyvanlara hər kq diri çəkiyə 2000-6000 TV, qoyunlara 10-20 min TV, donuzlara isə 6000-10000 TV əzələyə vurulur. Müalicə kursu bütün növ heyvanlarda 4 gün olmaqla gündə iki dəfə aparılır.

Leptospiroz zamanı orqanizmdə hipoqlikemiya müşahidə edildiyinə görə, vena daxilinə 40 %-li qlükoza məhlulundan, at və iribuynuzlu  heyvanlara 500 ml, buzov və dayçalara 50-200 ml vurulmalıdır.

Mədə-bağırsaq sisteminin atoniyasına qarşı urotropin, ürək fəaliyyətini qaydaya salmaq üçün kofein ümumi qəbul edilmiş dozalarda işlədilir.

Profilaktika və mübarizə tədbirləri: Leptospiroz xəstəliyinin profilaktikasının iki istiqamətdə olmaqla ümumi və xüsusi profilaktika tədbirlərindən ibarətdir.

Ümumi profilaktika tədbirləri ən böyük əhəmiyyət kəsb edir.

Ümumi profilaktika tədbirləri təsərrüfatda olan infeksiya mənbəyini müəyyən edib ləğv edilməsinə qarşı yönəldilməlidir.

Bir çox tədqiqatlarla müəyyən edilmişdir ki, xəstəliyin törədicisi gəmiricilər və xəstəlikdən sağalmış heyvanların orqanizmində uzun müddət qalmaqla xaricə ifraz olunaraq xarici mühiti çirkləndirirlər. Bundan başqa, otlaqda olan durğun su mənbələri, həmin leptospir daşıyan heyvanların ifrazatı ilə çirkləndikdə, əlverişli şərait zamanı, leptospirlər burada inkişaf edib, daha geniş yayılırlar.

Ona görə də leptospiroz xəstəliyi baş vermiş təsərrüfatda xəstə heyvanları vaxtında müəyyən edib təcili surətdə təcrid edilməsi əsas tədbirdir. Klinik müayinə və termometriya nəticəsində müəyyən edilmiş xəstə və xəstəliyə şübhəli heyvanlar təcrid edilərək müalicə olunur, şərti sağlamlarda isə xüsusi profilaktika aparılır.

Xəstəlik baş vermiş təsərrüfatda heyvan saxlanılan binalar və onların həyətlərində baytar-sanitar  tədbirləri aparmaqla dezinfeksiya işlərinin görülməsi vacibdir.

Leptospiroz xəstəliyi baş vermiş təsərrüfatda karantin qoymaqla, baytarlıq qanunçuluğu əsasında karantin tədbirlərinə ciddi əməl edilməlidir. Karantin müddəti 30 gündür.

Xüsusi profilaktika: Leptospiroz xəstəliyinin xüsusi profilaktikası serum və vaksinlə aparılır.

Seroprofilaktika xəstəliyin xüsusi profilaktikasının əsasını təşkil etmir, onun əmələ gətirdiyi immunitet 12-21 gündən artıq deyildir. Hiperimmun serumuonun təlimatı əsasında işlətmək lazımdır.

Xəstəliyə qarşı planlı profilaktika tədbirinin ən əlverişli vaksino-profilaktikadır. Bir sıra  tədqiqatçılar tərəfindən xəstəliyin profilaktikası üçün müxtəlif vaksinlər təklif edilmişdir, bunlardan geniş təcrübə şəraitində yoxlanmış və ən yaxşı nəticəni xinazol və karboqliserin vaksinləri vermişdir.

Heyvanlarda bu vaksinlərlə immunitet yaratmaq üçün vaksin orqanizmə 2 dəfə vurulur. Birinci vaksinasiya ilə ikinci vaksinasiya arasında 7 gün fasilə olmalıdır.

Hazırda heyvanların leptospirozu əleyhinə polivalent ”VQNKİ” vaksini kənd təsərrüfatı heyvanlarının və xəzdərili vəhşi heyvanların peyvəndlənməsi üçün istifadə edilir.

Vaksin 2 variantda hazırlanır: birinci variantda Pomona, Tarassovi və interohemorragiya leptospir seroqrupp ştamlarından; ikinci variant Pomona, Tarassovi, Qruppotifoza və Sejro leptospir seroqrupp ştamlarından hazırlanır.

Birinci variantda hazırlanan vaksinlə donuzları, ikinci variantda hazırlanan vaksinlə iri və xırdabuynuzlu heyvanların immunlaşdırılması üçün istifadə edilir.

Leptospiroz xəstəliyi əleyhinə peyvənd aparan zaman işlədilən vaksinin təsdiq olunmuş təlimatına ciddi əməl etmək lazımdır.

Beləliklə, xəstəlik baş vermiş təsərrüfatlarda təkcə vaksinlə peyvənd edilməsi nisbətən az tələfat verir. Bunu nəzərə alaraq, hiperimmun serum olmadıqda, xəstəlik baş vermiş təsərrüfatda nəzərdə tutulan ümumi baytarlıq-sanitariya tədbirlərini keçirdikdə, təkcə vaksinlə peyvənd aparmaq mümkündür.

İnsanların leptospirozu: Leptosprioz- leptospirlər tərəfindən törədilən iti infeksion xəstəlikdir. İnfeksiyanın əsas mənbəyi gəmiricilər və leptospirozla xəstə və xəstəlik keçirən heyvanlardır.

Xəstəliyin iki növü müəyyən edilmişdir: 1. Su isitməli sarılıqsız leptospiroz, 2. Iktero-hemoloji sarılıq Beyl-Vasilyev xəstəliyi.

Etiologiya və epidemiologiyası: Xəstəlik leptospirlər tərəfindən törədilir. Seroloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənən leptospir növləri mövcuddur. Təbiətdə xəstəliyin əsas mənbəyi  siçanlardır. Onlar ifrazatları ilə leptospirləri su hövzələrini və ərzaq məhsullarını çirkləndirirlər. Xəstəliyin digər mənbələri donuzlar və xəstəliyə həssas heyvanlardır. Yoluxma əsasən infeksiya ilə yoluxmuş sidik vasitəsilə keçir.

İnfeksiyanın giriş qapısı dəri örtüyünün zədələnən nahiyəsinə leptospirlərin düşməsi zamanı bu hal insanlar yuyunan vaxt, heyvanlarla təmas zamanı olur. Xəstəlik gəmiricilər tərəfindən çirklənmiş məhsulların qəbulu zamanı alimentar yollarda ola bilər.

Klinikası: Xəstəliyin inkubasiya dövrü 4-12 gündür. Xəstəlik iti gedişlə və güclü qıcıqlanmalarla başlayır. Bədən temperaturu 39-40 °C-yə qədər yüksəlir. Belə hal 5-10 gün davam edir. Sonra normaya düşür. Xəstədə güclü əzələ və baş ağrıları olur.

Qaraciyər və dalaqda böyümə, üz nahiyəsində qızartılar, işıqdan qorxma və tərləmə halları olur.

Qanda ROE sürətlənir və leykositlərin miqdarı artır (12.000-20.000 ).

Diaqnoz: Laboratoriya müayinələri, epidemioloji anamnez və kliniki nişanələrinə görə qoyulur. Bədən temperaturu yüksək olan zaman xüsusi qida mühitlərinə qandan və sidikdən əkmələr aparılır.

Mikroskopun qaranlıq sahəsində qandan damla plazma yaxması hazırlanıb baxılır. Bundan başqa aqqlütinasiya reaksiyası ilə seroloji diaqnostika aparılır.

Müalicəsi: Penisillinlə müalicə effektiv sayılır. Əzələ daxilinə hər 6 saatdan bir 300-500 min təsir vahidi inyeksiya edilir. Müalicə kursu 5-6 gündür. Bundan başqa tetrasikilin qrupu antibiotiklərdən də istifadə etmək olar. Bu zaman 6-7 gün ərzində 0,3 q olmaqla sutka ərzində 4 dəfə daxilə verilir.

Xəstələrə adi qaydada xidmət göstərilir. Ürək-damar sisteminin vəziyyətinə nəzarət olunur.

 Profilaktikası: Gigiyena qaydalarına riayət etməklə gəmiricilərə qarşı mübarizə aparmaqla və baytarlıq mütəxəssisləri ilə birlikdə tədbirlərin aparılmasını təşkil etmək lazımdır.

 

 

 

22.06.2017
204

Nəşrlər

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

  • 09(271) 22 iyun 2017-ci il

Bannerlər