Kənd təsərrüfatı naziri Şamaxı rayonunda vətəndaşları qəbul edib

A+
A
A-

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görürlər.

Kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 14-də Şamaxı Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Heydər Əsədov və Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar.

Daha sonra nazir Heydər Əsədov Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında yaradılan şəraitlə tanış olub.

Nazir binanın foyesində olan ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət guşəyə baxıb, baytarlıq sahəsində nəşr edilən qəzet, jurnal, braşura və kitablarla tanış olub. Eləcə də foyedə quraşdırılmış elektron lövhənin iş prinsipi ilə maraqlanıb. 

Nazir Heydər Əsədov Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında baytarlıq idarəsi və diaqnostik baytarlıq kabineti üçün alınmış avadanlıq və ləvazimatlara baxıb. Eləcə də ən müasir texnika və texnoloji avadanlıqla təchiz olunmuş aqrokimya laboratoriyasına baxış keçirib. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar əsasən subsidiya, torpaqdan istifadə və texnikalarla təminat, ixtisasa uyğun işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, kənd təsərrüfatı sahəsində mövcud problemlərin mütəmadi olaraq həll olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nazir Heydər Əsədov, həmçinin “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Məlumat verilib ki, Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ rayonlarından olan 21 istifadəçiyə lizinq yolu ilə verilmiş ümumilikdə 351 min 070,0 manat məbləğində 28 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 140 min 428,0 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılmış, o cümlədən güzəşt tətbiq edildikdən sonra 5 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilmiş və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb və müvafiq sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər. 

İndiyədək 7740 elektron müraciət üzrə “Aqrolizinq” ASC-dən lizinqə götürülmüş 16 min 717 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına ümumilikdə 116 milyon 034 min 668,75 manat məbləğində güzəşt tətbiq edilib.

Həmin gün Nazir Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin yeni gətirilmiş avadanlıqları ilə tanış olub, həmçinin Müfəttişliyin təşkil etdiyi səyyar xidmət zamanı Şamaxı, Ağsu, İsmayıllı və Qəbələdən olan 60-a yaxın mexanizatorun sürücülük vəsiqələrinin dəyişdirilməsi və texnikaların qeydiyyata alınması da həyata keçirilib.

Nazir Heydər Əsədov həmçinin Qobustan Bölgə Təcrübə Stansiyasına gələrək Türkiyədən gətirilmiş müasir tələblərə cavab verən toxumtəmizləyici avcadanlıqlara baxış keçirib, əkin sahələrində olub, yeni yetişdirilən, yüksək reproduksiyalı, məhsuldar toxum sortları ilə tanış olub, fermer və sahibkarlarla söhbət edərək müvafiq tapşırıq və tövsiyələrini verib.

 

14.07.2017
123

Nəşrlər

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

  • 09(271) 22 iyun 2017-ci il

Bannerlər