Xlamidialar tərəfindən törədilən xəstəliklər (xlamidiozlar)

A+
A
A-

 

 

Xlamidia infeksiyası (xlamidiozlar) xüsusi infeksion xəstəlik qrupu olmaqla özünəməxsus törədicilər, yəni xlamidialar tərəfindən törədilir. Xəstəlik demək olar ki, bütün dünya ölkələrində qeyd olunmaqla geniş surətdə yayılmış və heyvanların patologiyasında böyük rol oynayır. Xlamidialar 20 növdən artıq məməlilər, o cümlədən insanlar və 130 növdən artıq quşlar arasında xəstəlik törətdiyinə görə zoonoz infeksiyalar qrupuna aid edilir. Xlamidia baş vermiş təsərrüfatda xəstəlik iti və latent şəkildə getməklə müxtəlif klinik əlamətlər: uro-genital, respirator, oynaq, sinir poz-ğunluğu, göz formaları şəklində baş verir. Bundan başqa xlamidialar başqa növ mikroorqanizmlərlə assosiasiyada qarışıq infeksiyalar törədə bilirlər.

Xlamidiaların bioloji xüsusiyyətləri: Xlamidialar xırda şəkilli girdə mikroorqanizmlərdir. Onlar hüceyrədaxili parazitlər olub, hüceyrədaxili artımlar əmələ gətirməyə qadirdirlər. Onlar viruslar kimi kultural toxumalarda və toyuq rüşeymlərində kultivasiya olunurlar, qram-mənfi bakteriyalara oxşar ribosoma malikdirlər və bakteriyalar kimi çoxalırlar, bir çox antibiotiklərə həssasdırlar.

Xlamidiaların inkişaf tsikli: Xlamidiaların yoluxduran forması 200- 400 nm ölçüdə elementar cisimciklər olub, hüceyrələrə daxil olaraq onlarda 800-1200 nm ölçülü retikulyar cisimciklərə çevrilir və aralıq forması vasitəsilə təkrarən yeni nəsil elementar cisimciklərə çevrilərək hüceyrədən çıxırlar. Beləliklə, 40-48 saat müddəti olan tam inkişaf dövrəsində bir elementar cisimcikdən bir neçə yüz yeniləri törəyə bilir.

Xlamidialar əsasən kon-yuktivanın, udlağın, nazik bağırsağın, mədənin, uretranın, balalıq boyunun və düz bağırsağın selikli qişasının epiteli hüceyrələrini yoluxdururlar.

Davamlılığı: Xlamidiyalar bir çox antibiotiklərə, xüsusən də tetrasiklin qrupundan olanlara və makrolidlərə həssasdırlar, lakin  aminoqlikozidlərə və streptomisin qrupundan olan preparatlara davamlıdırlar. Ultrabənövşəyi şüalar onlara öldürücü təsir göstərir. Qaynatma və 70 %-li etil spirti xlamidiaları 2-10 dəqiqəyə tələf etsə də, dondurulduqda uzun müddət, yəni mənfi 70 °C-də 20 aya qədər, mənfi 20 °C-də 4-6 aya qədər, müsbət 20 °C-də 7 günə qədər salamat qalırlar.

Dezinfeksiya maddələrindən natrium-hidroksidin və lizolun 2 %-li məhlulları, fenol, xlor-amin və xlorlu əhəng və kalsiumlaşdırılmış sodanın 2%-li məhlulu səmərəlidir.

Xlamidiaların yeri uzun müddət mikroorqanizmlərin sistematikasında təyin edilməmişdir, onları viruslara, rikketsiyalara, hazırda isə bakteriyalara aid edirlər.

Hazırda xlamidiozlar əksər kənd təsərrüfatı heyvanlarında və quşlarda təsvir edilmiş və öyrənilmişdir.

İribuynuzlu heyvanların xlamidiozu, xüsusən geniş kliniki əlamətlərə malikdir. O, inəklərdə balasalma, ölü və ya həyati qabiliyyətini itirmiş, buzovların doğulması, pnevmoniya, enteritlər, artiritlər, ensefalitlərlə xarakterizə edilir.

Qoyunların xlamidiozu: Xlamidialı balasalma, enzootiki balasalma, viruslu balasalma, kontagioz, enzootiki gedişli xəstəlik olub, əsasən boğazlığın axırıncı mərhələsində balasalma və ya yaşama qabiliyyəti olmayan quzuların doğulması ilə səciyyələnir.

Xəstəlik ilk dəfə Şotlandiyada bakterial infeksiyalardan fərqlənən qoyunların enzootiki balasalması zamanı aşkarlan-mışdır. Keçmiş SSRİ-də qoyunların xlamidiozu 1965-ci ildə, Azərbaycanda isə 1969-cu ildə müəyyən edilmişdir.

Xlamidioz xəstəliyi qoyunçuluq təsərrüfatlarına ciddi ziyan vurur. Enzootiki balasalmanın törədicisi insanlar üçün də patogendir.

Xəstəliyin törədicisi: Qoyunların xlamidiozunun törədicisi chlamydophila abortus ovis-dir. Xlamidialar adi işıq mikroskopları altında yaxşı görünürlər. Elementar cisimciklərin diametrləri 350 nm-dir.

C.abortus ovis 6-7 gün-lük toyuq rüşeymində yaxşı boy verir və 8-12 gün sonra embrionu öldürür. Xlamidialara laboratoriya heyvanlarından: ağ siçanlar, siçovullar, hind donuzları, ada dovşanları həssasdırlar və yoluxdurma zamanı onlarda pnevmoniya inkişaf edir.

Xlamidiaların davamlılığı az öyrənilmişdir. Atılmış balada törədici mənfi 20 °C-də bir neçə ay aktiv vəziyyətdə qalır. Xarici mühitdə bir neçə gündən sonra, 100 °C-də isə dərhal məhv olurlar.

Epizootologiyası: İnfeksiyanın mənbəyi xəstə və xəstəliyi keçirmiş heyvanlardır. Qoyunların xlamidiozu adətən döl kompaniyası zamanı epizootiya şəklində keçməklə geniş surətdə yayılır. Təsərrüfatda ilk infeksiya zamanı yoluxma 23-30 % və bəzən 60 % təşkil edir. Ən çoxu şişəklər və 2-ci doğar heyvanlar xəstələnirlər. Balaatmadan və erkən doğumdan sonra yaranır və sonrakı illərdə heyvanların xəstələnmə faizi aşağı düşür.

Xlamidioza görə qeyri-sağlam təsərrüfatlardan gətirilmiş heyvanlar da gizli amilgəzdirən kimi özünü göstərməklə növbəti döl kompaniyasına qədər xəstəlik törədicisini xarici mühitə yayır.

Heyvanların kütləvi yoluxması sağlam qoyunların xəstələrlə boğazlıq dövründə, döl vaxtı və ondan 2 ay sonra kontaktda olması zamanı baş verir. Yoluxmuş yemlər, su, heyvanlara qulluq əşyaları xəstəlik törədicisinin ötürül-mə faktoru ola bilər. Qoyunların əksəriyyəti cütləşmə dövründə yoluxurlar. Təbii şəraitdə yoluxma alimentar yolla və cütləşmə zamanı baş verir.

Patogenezi: Xlamidialar boğaz heyvanlarda plasenta toxumasını zədələyir, kotilrdontlarda nekroz törədir və nəticədə döl tələf olur. Bundan əlavə daxili orqanlarda da inkişaf edərək onların fəaliyyətini pozur. Eksperimental xəstəlik zamanı qaraciyər, dalaq, böyrəklər, ağciyər, regional limfa düyünləri, beyin və s. orqanlardan amili ayırmaq mümkün-dür.

Orqanizmə düşmüş amil toksin hasil edir və qana keçərək ayrı-ayrı orqan və toxumalara paylanır. Orqanizmin cavab reaksiyası kimi bədən temperaturu yüksəlir, qaraci-yərdə nekroz sahələri yaranır. Cinsiyyət üzvlərinə amilin toplanması nəticəsində xlamidialar xorion epitelisində kotelidonların xovlarına toplanır, çoxalır və nekroz törədir.

Kliniki əlamətləri: Təbii şəraitdə inkubasiya dövrü bir neçə aydan bir ilə qədər, eksperimental yoluxmada isə 5-7 həftə davam edir.

Xəstəlik gizli və tipik gedişli ola bilir. Xəstəliyin gizli gedişi yalnız qan zərdabının KBR-ilə müayinə zamanı aşkar edilir. Gizli xəstəlikdə qoyunlarda doğum normal keçir, bu qəbildən olan heyvanlar infeksiyanın yayıcısı hesab edilir.

Tipik gedişli xəstəlik balasalmalara və vaxtından əvvəl doğuma, zəif, yaşamağa qabil olmayan quzuların əmələ gəlməsi ilə səciyyələnir.

Bala atmış qoyunların ümumi vəziyyəti ağır olmaqla bəzən bir neçə gündən sonra tələf olur.

Patoloji-anatomik dəyişikliklər: Heyvanlarda plasentanın iltihabı, dölün zədələnməsi müşahidə edilir. Atılmış döldə adətən müxtəlif intensivli qanlı şişkinliklər, dərialtı və əzələ toxumalarında qansağıntıları, həmçinin döş və qarın boşluqlarında qanlı-serozlu transsudant tapılır. Atılmış döl bir çox hallarda mumiyalaşır. Döl pərdələri, kotiledonlar üzərində qan sağıntılarından əlavə nekroz sahələri nəzərə çarpır. Böyrəklərdə dərin distrofiki və nekrotiki dəyişikliklər görü-nür.

Diaqnostikası və təfriqi diaqnostikası: Xəstəliyin kliniki əlamətləri və patanatomiki dəyişiklikləri spesifik deyil. Ona görə də diaqnoz məqsədi ilə laboratoriya üsullarından istifadə edilir. Qoyunların xlamidioz balasalması zamanı laboratoriya diaqnostikası vacibdir. Patoloji materialdan hazırlanmış yaxmalar Stamp üsulu ilə boyanır və müayinə zamanı qrup və tək hallarda hüceyrədaxili və xaricində qırmızı rəngdə 300-350 nm böyük-lükdə elementar cisimciklər görünür. Bundan başqa yaxmaların boyanması üçün Romanovski-Gimza, Kastanedo və Makiavello üsullarından istifadə edilir.

Diaqnozun qoyulmasında seroloji reaksiyalardan KBR effektlidir. Daha dəqiq üsul isə amilin 6-7 günlük toyuq embrionundan ayrılmasıdır.

Təfriqi diaqnostika zamanı qoyunların bruselyozunu, salmanelyozunu, kampilobakteriozunu, listeriyozunu, leptospirozunu, toksaplazmozunu təfriq etmək lazımdır.

Müalicəsi: Xlamidiozun müalicəsi hələ kifayət qədər öyrənilməmişdir. Sulfanil-amid preparatları xlamidialara təsir etmir, əsasən tetrasiklin qrupu (tetrasiklin, biomisin, oksitetrasiklin, dibomisin və s.) antibiotiklərinin tətbiqindən ümidverici nəticələr alınmışdır. Boğaz qoyunların 1 kq diri çəkisinə 7-30 mq eritromisini 3-4 gün verdikdə yaxşı nəticə alınır, preparatlar kəpək və s. yemlərlə verilə bilər.

İmmuniteti və spesifiki mübarizə tədbirləri: Xlamidialar zəif immunogenlik aktivliyinə malikdirlər. Xlamidiozların spesifik profilaktikası üçün vaksinlər hazırlanmışdır. Rusiyada qoyunların xlamidialı balasalmasına qarşı inaktivasiya edilmiş emulsin-vaksin (ÜİEBİ) tətbiq edilir. Bəzi xarici ölkələrdə qoyunlarda spesifik profilaktika məqsədilə formalinli inaktivləşmiş vaksin və aliminium-hidroksidli formal vaksindən istifadə edilir. Mayalanmadan əvvəl heyvanların həmin vaksinlərlə vaksinasiyası balaatmanı kəskin şəkildə azaldır.

Xəstəliyin profilaktikası üçün kompleks baytarlıq-sanitariya tədbirləri aparılmalıdır.

Təsərrüfata yeni gətirilmiş heyvanlar nəzarətdə saxlanmalı və şübhəli hallarda laboratoriya müayinələri aparılmalıdır. Mayalanma işi xüsusi ayrılmış yerlərdə aparılmalı və törədici qoçların sperması xəstəlik törədicisinə görə yoxlanılmalıdır. Heyvanlar saxlanılan binalarda vaxtaşırı olaraq dezinfeksiya işləri görülməlidir.

Ümumiyyətlə, xüsusi baytarlıq-sanitariya və müalicə-profilaktika tədbirləri həyata keçirildikdən sonra xəstəliyin ləğvinə və qeyri-sağlam təsərrüfatlardan onların icrasından 30 gün sonra məhdudiyyətlər götürülə bilər.

İribuynuzlu heyvanların xlamidiozu: Xlamidioz başlıca olaraq inəklərin xroniki xəstəliyi olub, dölətrafı qişaların zədələnməsi, balasalmalarla, vaxtından əvvəl ölü və ya yaşama qabiliyyəti olmayan buzovların doğulması ilə səciyyələnir.

Tarixi arayış: Keçmiş SSRİ-də bu xəstəlik ilk dəfə iribuynuzlu heyvanlarda 1967-ci ildə V.İ.Terskix və R.Z.Kurbanov, buzovlarda isə 1959-cu ildə O.İ.Çervonski tərəfindən müəyyən edilmişdir.

Xəstəlik bir çox ölkələrdə qaramal və camışlar arasında yayılmışdır. Bütün regionlarda xlamidioz heyvandarlığa iqtisadi ziyan vurur, bununla yanaşı insanların sağ-lamlığına təhlükə törədir.

Xəstəliyin törədicisi chlamydophila abortusdur. Xlamidialara xas olan tipik nişanələrə malikdir. Onu sondan, balalıq ifrazatlarından, atılmış dölün parenximatoz orqanlarından və şirdanın mötəviyyatından ayırmaq olar.

Törədici 6-7 günlük toyuq rüşeyminin sarılıq kisəsində aktiv çoxalır və onları yoluxdurmanın 4-6-cı günləri öldü-rür. O, ağ siçanlara və hind donuzlarına patogendir.

Otlarda, yoluxmuş əşyalarda bir neçə həftə, heyvandarlıq binalarında 5 həftə, pasterizə olunmuş süddə 23 gün yaşama qabiliyyətini saxlayır. Qaynadılma mikroorqanizmləri 2-10 dəqiqə ərzində məhv edir.

Epizootologiyası: Xəstəliyin əsas mənbəyi xəstə və xəstəlikdən ölmüş heyvan cəsədləridir.

Sağlam heyvanların yoluxması əsasən alimentar və aerogen yolladır. Xlamidioz xəstəliyi stasionar xarakter daşıyır. Xəstəlik daha çox qışda və yazda qeydə alınır ki, bu da qışlama dövründə inəklərin doğumu ilə əlaqədardır.

Kliniki əlamətləri: İribuynuzlu heyvanlarda xlamidioz geniş spektirli kliniki əlamətlərlə xarakterikdir. İnəklərdə əsas kliniki nişanələr adətən boğazlığın 7-9-cu aylarında, bəzən də 4-cü ayında baş verən balasalmalardır. Xəstəlik qəflətən başlayır, bədən temperaturu 40,5 °C yüksəlməkdən başqa heç bir kliniki əlaməti olmur. Bala salmış heyvanlarda, xüsusən ilk dəfə doğan inəklərdə sonun ləngiməsi, metritlər, vaginitlər inkişaf edir və nəhayət qısırlıq baş verir.Xlamidiozun əsas nişanələri qastroenterokolitlər, poliartritlər, bronxopnevmaniyalar, keratokonyuvitlər, ensefalomielitlərdir. Bu nişanələr eyni vaxtda təzahür etmirlər.

Pataloqoanatomik nişanələr: Heyvanlarda plasentanın iltihabı, dölün zədələnməsi müşahidə edilir. Atılmış döldə qan sağıntıları və şişkinlik, qarın və köks boşluğunda qanlı serozlu transudat götürünür. Bəzən atılmış bala quru qanqrenalı olur. Döl pərdələri, kotiledonlar üzərində qan sağıntılarından əlavə nekroz sahələri nəzərə çarpır. Dölün qaraciyərində öd axarları boyunca limfa-histositar proliferatlar, dalaqda diffuz və məhdud sahəli retikuloendotelial hiperplaziya hiss edilir. Böyrəkdə dərin distrofik və nekrotiki dəyişikliklər görünür.

Diaqnozu: Xəstəliyin kliniki əlamətləri və patoloji-anatomik dəyişiklikləri spesifik deyil. Buna görə də diaqnoz məqsədilə laboratoriya üsullarından istifadə edilir. Bunun üçün cinsiyyət yolunun axıntısı, döl pərdəsi, kotelodonlar, xorion qişası və dölün daxili orqanlarından nümunə götürülərək yaxma hazırlanır və mikroskopiya olunur.

Patoloji materialdan hazırlanmış yaxmalar Stamp üsulu ilə boyanır və müayinə zamanı qrup və tək halda hüceyrə daxili və xaricində qırmızı rəngdə 300-500 nm böyüklükdə elementar cisimciklər görünür. Bundan başqa yaxmaların boyanması üçün May-Qryunvald, Romanovsi-Gimza, Kastansdo və Makiovello üsullarından  istifadə edilir.

Təfriqi diaqnoz: Xəstəliyi bruselyoz, salmonelyoz, sisteriyoz, septospiroz və digərlərindən təfriq etmək lazımdır.

Müalicəsi: Ümumiyyətlə, xəstə heyvanların müalicəsi baha başa gəlir və iqtisadi cəhətdən əlverişli deyildir. Xlamidioz xəstəliyinin müalicəsi zamanı yüksək həssaslıq göstərən tetrasiklin qrupu antibiotiklər (tetrasiklin, biomisin, oksitetrasiklin, dibiomisin, ditetrasiklin və b.) tətbiq edilir. Sulfanilamid preparatları xlamidialara təsir göstərmir.

Xəstəlik müəyyən edilən zaman həmin ferma qeyri-sağlam elan edilir və məhdudiyyət qoyulur. Heyvandarlıq binaları və gəzinti meydançalarında dezinfeksiya tədbirləri aparılır. Peyin biotermiki üsulla zərərsizləşdirilir. Qeyri-sağlam məntəqələrdən məhdudiyyət xəstə heyvanların sağalmasından 30 gün sonra və son tamamlama tədbirləri görüldükdən sonra götürülür. Fermada 3 il müddətində xəstəliyin klinik əlaməti olmasa həmin ferma xlamidioza görə sağlam hesab edilməsi, həmin vaxt mövcud heyvanlarda 2 il müddətinə ardıcıl peyvəndləmə aparılmalıdır. Hazırda MDB məkanında işlədilən 5 vaksinin hamısı yaxşı effekt verir. Bu vaksinlərdən iribuynuzlu heyvanların xlamidiozu əleyhinə kultural inaktivləşdirilmiş vaksin, heyvanların xlamidiozu əleyhinə kultural inaktivləşdirilmiş vaksin, iribuynuzlu heyvanların xlamidiozu əleyhinə emulsin vaksin, iri və xırdabuynuzlu heyvanların xlamidiozu əleyhinə yarımştamm inaktivləşdirilmiş emulsin vaksin Rusiya Federasiyasında, iri və xırdabuynuzlu heyvanların xlamidiozu əleyhi kultural vaksin isə Ukrayna Respublikasında hazırlanır.

Birinci vaksin müalicə xassəsinə malikdir. Boyun nahiyəsindən 7-21 gün ara verməklə 2 dəfə vurulur. Yaşından asılı olaraq doza təlimata uyğun təyin edilir. İkinci vaksin daha immunogendir və ildə bir dəfə vurulur. Ukraynada 250 nömrəli ştammdan hazırlanan vaksin boyun nahiyəsində əzələ içinə 2-2,5 sm dərinliyində 1 aylıqlara 1 ml, 1 aylıqdan böyüklərə 1,5 ml , yaşlılara 2ml hesabı ilə vurulur və 6 aydan sonra revaksinasiya edilir.

Hazırda vaksin ştammının epizootik ştamma keçməsinə böyük ehtimal olduğuna görə xəstəliyin profilaktikasında diri vaksinlər işlədilmir.

Epidemioloji məlumatlar: İnsanlar xlamidiozla xəstə heyvanlardan yoluxa bilirlər. Son zamanlar xəstə heyvanlara qulluq edənlər arasında artritlərə, pnevmoniyalara, uretritlərə, salpingitlərə çox təsadüf edilir. İnsanlarda zooantroponoz xlamidioz bəzən meningit, irinli limfodenit, qranulematoz hepatit və splenit şəklində müşahidə edilir. Əksər hallarda xəstəlik insanlarda respirator formada olur. Yoluxma əsasən aerogen, az halda alimentar və təmasla olur.

İnsanların xəstəlikdən qorunması üçün şəxsi gigiyena tələblərinə əməl etməsi vacibdir.

 

21.08.2017
246

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər