AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNDƏ BİLİK GÜNÜ QEYD OLUNUB

A+
A
A-

 

 

Azərbaycan Dövlət Aqrar Universitetində Bilik gününün kənd təsərrüfati naziri və qurumun rəhbər işçiləri ilə birgə keçirilməsi artıq ənənəyə çevrilib. Budəfəki bayram təntənəsində isə Türkiyə, Çin, Hindistan və digər ölkələrin səfirləri, konsulları da iştirak edib.
Bilik günündə 100 illik tarixə malik Azərbaycanın aqrar təhsil sahəsinə dövlət dəstəyindən, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısından, son zamanlar tətbiq edilən çoxsaylı yeniliklərdən, eləcə də kənd təsərrüfatının ayrı-ayrı sahələrinin kompleks inkişafından danışılıb.
Bilik gününə həsr edilən tədbiri Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov açıb və təhsil müəssisəsinin şərəfli inkişaf mərhələlərini təhlil edib. Bildirib ki, son illər Aqrar Universitetdə aparılan islahatlar bu təhsil müəssisəsinə olan marağı daha da artırıb. 2017-2018-ci tədris ilinin qəbul göstəricilərinə görə Aqrar Universitetə 1129 tələbə qəbul olunub, qəbul planı 85,5 faiz yerinə yetirilib. Bu da 2012-2013-cü tədris ilindən sonra əldə edilən ən yüksək nəticədir. Dövlət sifarişi əsasında qəbul olunanların sayında da artım var. Yəni, cari ilin qəbul imtahanlarının nəticələrinə görə 1129 tələbədən 654-ü dövlət sifarişi əsasında təhsil alacaq. Daha bir maraqlı fakt isə odur ki, bu il ali məktəblərə qəbul olunan ən cavan və ən yaşlı tələbə də ADAU da təhsil alacaq.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov yeni tədris ilinin başlanması ilə əlaqədar professor-müəllim heyətini və tələbələri təbrik edərərk onlara yeni dərs ilində uğurlar arzulayıb. Bildirilib ki, aqrar sahənin siması dəyişir. Maddi-texniki bazanın inkişaf etdirilməsi üçün elmi biliklərin inkişaf etdirilməsi, kadr potensialının gücləndirilməsi ən vacib məsələlərdəndir. Ölkə rəhbərliyinin qarşıya qoyduğu əsas vəzifələrdən biri də bacarıqlı kadrların olmasıdır. Buna görə də növbəti illərdə ADAU-nun qarşısında duran əsas məqsədlərdən biri də məhz təşəbbüskarlıq bacarığı yüksək olan, biznes ideyalarını idarə edə bilən yüksək səviyyəli, ixtisaslı kadrların hazırlanması olmalıdır. Bu istiqamətdə beynəlxalq universitetlərdə mövcud olan təcrübə öyrənilməklə, qısa zaman kəsiyində ADAU-da tətbiq edilməsini zəruri hesab edib.
Nazir kadr hazırlığı sahəsində aparılan araşdırmalardan, bu sahədə mövcud problemlərin həlli ilə bağlı görülən işlərdən, hökumətə təqdim olunan təkliflərdən danışıb. Bildirib ki, hökumət tərəfindən qəbul edilən təkliflər əsasında növbəti ildən Aqrar Universitetdə bakalavriat səviyyəsində “Bağçılıq və tərəvəzçilik” “Bitki mühafizə” və “Şərabçılıq” ixtisaslarının, magistratura səviyyəsində isə “Landşaft bağçılığı”, “Aqrobiznes” və “Ekoloji kənd təsərrüfatı” ixtisaslarının da əlavə edilməsi nəzərdə tutulub.
Nazir onu da vurğulayıb ki, Azərbaycan Dövlət Aqrar Universitetində beynəlxalq təhsil proqramlarının inkişaf etdirilməsinə, xarici dillərdə proqramların yaradılmasına, xarici ölkələrdən daha çox tələbə cəlb edilməsinə, həmçinin xarici ölkə mütəxəssislərinin də universitetin fəaliyyətinin inkişafında iştiraklarının təmin edilməsinə xüsusi fikir verilməlidir.
“Bu gün Aqrar Universitetin inkişafında dövlətlə yanaşı, özəl müəssisələr və beynəlxalq təşkilatlar da yaxından iştirak edir. 2013-cü ildən etibarən hər il universitetdə həm dövlət, həm də beynəlxalq təşkilatların dəstəyi ilə müxtəlif tədris auditoriyaları və laboratoriyalar yaradılıb. İndi ADAU-da yaradılan şərait bir çox xarici ölkələrin oxşar universitetləri ilə rəqabət aparmaq gücündədir. Ölkədə fəaliyyət göstərən böyük şirkətlərin və holdinqlərin universitetlə əməkdaşlığı da nümunə göstəriləcək səviyyədədir”, - deyə nazir qeyd edib.
Çıxışının sonunda nazir Heydər Əsədov tədbirdə iştirak etdiklərinə görə diplomatik korpusun nümayəndələrinə minnətdarlığını bildirib.
Sonra nazir Heydər Əsədov universitetə ən yüksək balla qəbul olunan tələbələri təbrik edib, onlara uğurlar arzulayıb, hədiyyələr verib.
Tədbirdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral çıxış edərək yeni dərs ilinin başlanması münasibəti ilə təbriklərini çatdırıb. Səfir iki dost və qardaş ölkə arasında olan əlaqələrdən danışaraq Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib.
Çin Xalq Respublikasının və Nindistan Respublikasının səfirləri ikitərəfli əlaqələrdən danışıblar.
 Tədbirdən sonra nazir və xarici ölkə diplomatları “John Deere” tədris otağının açılışında iştirak edib.
Bildirilib ki, universitetin mühəndislik fakültəsində “Aztexnika” şirkəti tərəfindən qurulan “John Deere” tədris mərkəzi müasir avadanlıqlar, texnikaların idarə olunması üçün xüsusi simulyator və digər vasitələrlə təmin edilib. Qeyd olunan şirkətlə əməkdaşlıq çərçivəsində fakültənin bir qrup əməkdaşı “John Deere” pambıqyığan kombaynının idarə edilməsi üzrə təlimlərə qatılıb. Təlimlər ABŞ-dan dəvət olunmuş mütəxəssis tərəfindən aparılıb. Təlimlərin sonunda müvəffəqiyyətlə imtahan vermiş 5 müəllim, 1 magistr respublikamızın müxtəlif bölgələrindən olan 130 kombaynçı üçün təlimlər keçib.
Nazir Heydər Əsədov TİKA-nın dəstəyi ilə yaradılan Baytarlıq klinikasının açılışında da iştirak edib.
Məlumat verilib ki, 2014-cü ildə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndələri ilə keçirilmiş görüş zamanı qardaş ölkə universitetlərinin baytarlıq sahəsindəki zəngin təcrübələrindən istifadə edilməklə Aqrar Universitetin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tədris bazasının müasir standartlara uyğunlaşdırılması məqsədilə Baytarlıq klinikasının yaradılması barədə razılıq əldə olunub. Bununla əlaqədar olaraq cari ilin iyulunda Türkiyə tərəfindən Gəncə şəhərinə avadanlıqlar göndərilib. Türkiyəli mütəxəssislər Aqrar Universitetdə yerli mütəxəssislərə həmin avadanlıqların quraşdırılması və istifadəsi ilə bağlı təlimlər keçiblər.
Ümumilikdə universitetin klinikasına 29 adda avadanlıq və alətlər verilib. Klinikada qeydiyyat, müayinə, ultrasəslə müayinə, rentgen, cərrahi əməliyyat otaqları yaradılıb, kabinetlər zəruri inventarla təmin olunub.
Nazir Heydər Əsədov Çin Xalq Respublikası Hökuməti ilə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi əsasında göstərilən maliyyə dəstəyi çərçivəsində qurulan virtual tədris auditoriyasının açılışına da qatılıb.
Bildirilib ki, saziş çərçivəsində universitetə 40 stolüstü kompüter, 17 leptop, 5 lazer printer, 5 UPS, 15 elektron lövhə, 1 surətçıxarma, 3 proyektor, 3 multifunksional maşın və 1 rəqəmsal kamera verilib. Çin hökumətinin maliyyə yardımı ilə verilən avadanlıqların bir qismi universitetin müxtəlif auditoriyalarında və əsas kitabxanasında yerləşdirilib.
Daha sonra “Gilan Holdinq”lə əməkdaşlıq çərçivəsində Aqrar Universitetin aqronomluq fakültəsində qurulan “Gilan agriculture” auditoriyasının açılışı olub. Məlumat verilib ki, 169 kvadratmetr sahədə xüsusi mühazirələr üçün nəzərdə tutulan auditoriya amfiteatr formasında qurulub.
Kənd təsərrüfatı naziri Aqrar Universitetdə yaradılmış Eksperimental Ferma və Atçılıq Mərkəzi ilə də tanış olub.
Qeyd edilib ki, Kənd Təsərrüfatının Rəqabətqabiliyyətinin Gücləndirilməsi layihəsi çərçivəsində Aqrar Universitetin nəzdində 20 baş iribuynuzlu heyvan və 4 baş atın saxlanılması məqsədilə eksperimental fermanın tikintisi başa çatdırılıb. Ferma üçün lazım olan avadanlıq və ləvazimatların tədarükü həyata keçirilib. Təşkil olunmuş nümunəvi təsərrüfatda heyvanlar üzərində müasir diaqnostik və müalicə-profilaktik tədbirlərin əyani şəkildə həyata keçirilməsi üçün baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tələbələrinə imkanlar yaradılacaq. Burada mütəxəssislərin iştirakı ilə heyvanlar üçün hazırlanmış yem rasionuna uyğun yem tədarük olunub. Kompleksin ətrafında genişmiqyaslı işlər görülüb.
Heydər Əsədov Yaponiyanın orta və kiçikhəcmli müəssisələrinin məhsullarının təminatı üçün “Qeyri-layihə üzrə qrant yardımı” çərçivəsində Aqrar Universitetdə yaradılmış Toxumçuluq laboratoriyasının da açılışında iştirak edib.
Məlumat verilib ki, Yaponiyanın qrant yardımı çərçivəsində Aqrar Universitetə qabıqsoyan, dəni ölçülərinə görə çeşidləyən avadanlıq, düyü qreyderi, nümunə bölən, nəmliyi ölçən cihaz, dəni (düyünü) qılçıqdan ayıran və sair avadanlıqlar verilib.
Sonra kənd təsərrüfatı naziri “BP Exploration (Caspian Sea) Limited” şirkəti ilə Kənd Təsərrüfatı Nazirliyi arasında ikitərfəli əməkdaşlığa dair keçirilmiş görüşün protokolu çərçivəsində görülən işlərlə tanış olub.
Diqqətə çatdırılıb ki, həmin əməkdaşlıq çərçivəsində “BP Exploration (Caspian Sea) Limited” tərəfindən Aqrar Universitetdə hər biri 154 kvadratmetr olan 5 istixana tikilib istifadəyə verilib. Hazırda həmin istixanalardan həm təlim, həm də təsərrüfat məqsədilə istifadə edilir.
Aqrar Universitetdə həmçinin yeni Aqrokimya laboratoriyası da açılıb. Məlumat verilib ki, respublikanın 11 bölgəsində torpaq və bitkilərin analizi üçün quraşdırılmış laboratoriyalardan biri universitetin aqronomluq fakültəsinə verilib. Laboratoriyada bitkilərin həyatı üçün zəruri olan bütün makro və mikro elementləri, torpağın aqrokimyəvi, bioloji, su-fiziki, hava və istilik xassələrini təyin etmək, torpaq və bitkilərin tərkibində olan ağır metalları, zəhərli maddələri aşkarlamaq mümkündür.
Daha sonra universitetin həyətində yaradılmış tələbə parkı və stadionun açılış mərasimi keçirilib.
Bilik günü ərəfəsində həmçinin Azərbaycan Dövlət  Aqrar Universiteti ilə Sloveniyanın Nova-Qoritsa universiteti arasında əməkdaşlıq müqaviləsi də imzalanıb.
Sonda isə tədbir iştirakçıları ADAU-nun həyətində ağacəkmə aksiyasında iştirak ediblər.

15.09.2017
100

Nəşrlər

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

Bannerlər