QUŞLARDA UR XƏSTƏLİYİ

A+
A
A-

 

 

Bu xəstəlik ilk dəfə Ur çayı vadisində müəyyən edildiyi üçün o çayın adı ilə adlandırılmışdır. Xəstəlik maddələr mübadiləsi pozulmasından əmələ gəlir və xroniki davam edir. Ur xəstəliyi ilə bütün yaşdan olan ev quşları xəstələnirlər.

Etiologiyası. Ur xəstəliyinin əsas səbəbi quş saxlanan ərazidə, torpaqda, suda və bitkilərin tərkibində mineral maddələrin nisbətinin uyğunsuzluğudur. Belə ki, kalsium, fosfor, natrium, yod çatışmadıqda, stronsium, barium və manqan çox olduqda orqanizmdə zülallar, karbohidratlar və yağlar mübadiləsi pozulur. Bu zaman sinir, həzm və digər sistemlərdə patoloji proses baş verir.

Təcrübə göstərir ki, ur xəstəliyi olan ərazidən gətirilən yemlə salamat təsərrüfatdakı cavan quşları yemlədikdə təqribən bir aydan sonra xəstəliyin əlamətləri görünür və bu çox vaxt ölümlə nəticələnir.

Ur xəstəliyi müşahidə edilən təsərrüfatlarda heyvanların sümüyündə kalsium, mis, dəmir, alüminium az, barium, stronsium və sink miqdarı isə çox olur.

Klinik əlamətləri. Xəstəliyin başlanğıcında toyuq və cücələr kefsiz görünür, həvəssiz gəzir və bir yerdə çox durur. Bir neçə gündən sonra ayaq oynaqlarında iltihab başlayır. Xəstə quşlar bir-birinin lələyini yolur, hətta, torpaq, gil, ağac kəpəyi və s.-ni yeyirlər. Nəticədə çinədanın tutulması və həzm üzvlərində digər xəstəliklər başlayır.      

Xəstə toyuqlar əziyyətlə yumurtlayır. Bunların yumurtası xırda, qabığı nazik, çox vaxt qabıqsız olur və toyuqlar yumurtanı qırıb içirlər. Xəstə toyuq və cücələrdə döş sümüyünün darağı qığırdaq halında qalıb sümükləşmir və forması əyri olur.

Ördək və qaz balaları ur xəstəliyininə tutulduqda boy artmır, lələklər pis inkişaf edir və yeriyəndə səndələyir. Xəstəlik getdikcə daha da ağırlaşır. Bu zaman oynaqlar şişir, barmaqlar yarımbükülü vəziyyət alır, xəstə quş hərəkət edərkən büdrəyir, özü öz ayağını tapdalayır, çətin gəzir, axsayır və qanadları yana düşür. Ur xəstəliyi ördək balalarına nisbətən qaz balalarına daha çox tələfat verir.

Patoloji-anatomik dəyişiklikləri. Dərialtı toxumada nöqtəvari və zolaqlı, ətrafların əzələlərində isə kiçik nöqtəvari qan səpkiləri görünür. Döş əzələləri atrofiyaya uğrayır, oynaqlar şişir, vətərlər və bağlar nazilir. Qabırğalarda və digər sümüklərdə sınıb bitişmiş nahiyələrə də təsadüf olunur. Döş sümüyü tam sümükləşməyərək qığırdağı xatırladır. Döş darağı əyri-üyrü görünür. Çinədanda torpaq, ağac kəpəyi, saman və s. tapılır. Qaraciyərdə ağ-sarımtıl ləkələr müşahidə olunur. Həzm sisteminin digər üzvləri də iltihaba tutulur.

Diaqnozu. Quşçuluq təsərrüfatı yerləşən ərazinin ur xəstəliyindən salamat olmaması diaqnozun qoyulmasında əsas yeri tutur. Bununla yanaşı, xəstəliyin tipik klinik əlamətləri, torpağın, suyun və yemlərin kimyəvi təhlili, həmçinin bütün yaşda olan ev quşlarının ur xəstəliyinə tutulmaları nəzərə alınmalıdır.

Müalicə və profilaktikası. Xəstə quşları ayırıb, sağalıncaya kimi ayrı bəsləmək lazımdır. Xəstəliyin ilk günlərində müalicə qənaətbəxş olur.

Xəstə quşların rasionuna sümük unu, sümük külü, trikalsium-fosfat və yodlu xörək duzu əlavə etmək lazımdır. Hər baş quşa gündə 1 q sümük unu, ya sümük külü, yaxud trikalsium-fosfat, hər yem vahidinə 10 q hesabı ilə yodlu xörək duzu əlavə edilir. Yem rasionunda mineral maddələrin miqdarından asılı olaraq gündəlik rasionun 0.3-0.7 %-dək fosforin vermək də yaxşıdır. Habelə steril edilmiş (qaynadılmış) yumurta  qabığı vermək və yem rasionuna gündə hər quşa 1-2 ml balıq yağı əlavə etmək məsləhət görülür.

Ur xəstəliyindən sağlam olmayan ərazidə yemlərin mineral tərkibini lazımi səviyyəyə çatdırmaq üçün torpağa müvafiq mineral gübrələr verilməlidir. Bu, ur xəstəliyinin ləğv edilməsinə kömək edər.

 

09.04.2018
100

Nəşrlər

  • 05-06(285-286) 26 aprel 2018-ci il

  • 04(284) 29 mart 2018-ci il

  • 02-03(282-283) 28 fevral 2018-ci il

  • 01(281) 25 yanvar 2018-ci il

Bannerlər