Heyvanların fassiolyozuna qarşı mübarizə tədbirləri davamlı olaraq aparılmalıdır

A+
A
A-

 

 

Heyvanlarda parazitlik edən xəstəliklərdən biri də fassiolyozdur. Fassiolyozu heyvanların qaraciyərində parazitlik edən sorucu qurdlar-fassiolalar törədirlər. El arasında bu xəstəliyə qaraciyər qurdu, bəzən kəpənək xəstəliyi də deyirlər.

Fassiolyoz Azərbaycanda qaramal, camış, zebu, qoyun, keçilər arasında geniş yayılmış başlıca helmintozdur.

Qaraciyərdə əsasən xəstəliyi nəhəng fassiolanın cavan formaları törədirlər. Qoyunlarda iti formali fassiolyozun kliniki əlamətləri adətən yoluxmanın 60-90-cı günlərində daha aydın görünür. Xəstə heyvan qısa müddətdə halsızlaşır, yemdən qalır, selikli qişaları solğunlaşır, bədən hərarəti 1-1,5 oC artır, heyvan tez-tez su içir, qarın nahiyəsi həcmcə böyüyür. Qarın boşluğuna qanlı maye toplandığına görə nəfəsalma çətinləşir, təngnəfəslik baş verir. Ona görə də heyvan qabaq ayaqlarını aralı qoymaqla döş nahiyəsini yuxarı tutmağa çalışır. Bəzi hallarda heç bir kliniki əlamət görünmədən qaraciyərin zədələnməsi və qanaxmadan xəstə heyvanlar qəflətən ölür.

Fassiolyoza qarşı dərmanlamalar hazırda klozanet, rafoksanid, santael 10%, albenol suspenziya preparatları və həmin preparatların yeni formaları ilə təsərrüfat sahibinin hesabına aparılır.

Fassiolyoza qarşı təklif olunan preparatlar hər bir preparatın təlimatı əsasında baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır!

Otlaqda yoluxmanın qarşısını almaq məqsədilə heyvanlar şirin su ilbizləri yaşadığı su arxları, axmazlar ətrafında, bataqlıq sahələrdə otarılmamalıdır. İlbizlərin miqdarını azaltmaq üçün bataqlıq sahələri, şirin suyu olan axmazlar qurudulmalı, lazımsız su arxları ləğv edilməli, suvarma kanallarından suyun sızmasının, artezian quyularından suyun örüşlərə başlı-başına (səmərəsiz) buraxılmasının qarşısı alınmalıdır.

Qeyri-sağlam təsərrüfatlarda profilaktiki dərmanlama aşağıdakı vaxtlarda aparılmalıdır:

  • qaramal, camış və zebular ildə iki dəfə mart-apreldə və oktyabr noyabrda; kökəltməyə qoyulmuş 6 aylıqdan yuxarı mallar (yalnız yoluxmuş qrupda) bir dəfə, heyvanları kökəltməyə qoyan kimi dehelmintizasiya edilməlidir;
  • yaylaq qışlaqlardan istifadə edən köçəri qoyunçuluq təsərrüfatlarında heyvanlar ildə iki dəfə mart-aprel və oktyabr-noyabrda dərmanlanmalıdır;
  • fassiolyozun törədicisi əsasən fassiola giqantika olan və xəstəliyin iti formasının baş verməsi gözlənilən köçəri qoyunçuluq təsərrüfatlarında preimaginal əsasli profilaktiki dərmanlamalar ildə iki dəfə, 1-1,5 ay fasilə ilə 1-ci dəfə yanvarda aparılmalıdır. Yüksək yoluxma olan qruplarda 2-ci dəfə dərmanlamadan 1 ay sonra 3-cü dəfə də aparıla bilər.

Qoyunları yaylaqda köçürülməyən və daimi fassiolyoza görə qeyri-sağlam qışlaqlarda saxlanılan təsərrüfatlarda ildə 2-3 dəfə 1-1,5 ay fasilə ilə sentyabr-noyabr-yanvarda dərmanlamalar aparılmalıdır. Fassiolyoza qarşı profilaktiki dehelmitizasiyaların konkret aparılması vaxtları hər bir bölgədə xəstəliyin epizootoloji situasiyası nəzərə alınmaqla rayonun, təsərrüfatın baytar həkimləri tərəfindən dəqiqləşdirilə bilər.

28.06.2018
101

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər