Saatlıda heyvanlar arasında iti yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

A+
A
A-

 

 

Ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) heyvandarlıq təsərrüfatlarında iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.

Saatlı rayonunda bu tədbirlərə 2019-cu ilin ilk günlərindən başlanılıb. Artıq 44 kəndi, 1 şəhəri əhatə edən Saatlı  rayonunda  46500 baş iribuynuzlu, 1293 baş təkdırnaqlı heyvanlar arasında qarayara əleyhinə profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılıb. Dövlət Baytarlıq Xidmətinin Saatlı Rayon Baytarlıq İdarəsinə verilən peyvənd vasitələri “soyuq zəncir” rejimi gözlənilməklə 12 sahə baytarlıq məntəqələrinə termocamadanlarla çatdırılıb və heyvanlara tətbiq edilir. Bununla yanaşı 490 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi üçün qan nümunələri götürülüb. Həmçinin 342 ev itində quduzluğa qarşı profilaktik peyvəndləmə tədbirləri aparılıb. Tədbirlər yekunlaşdıqdan sonra 1800 kvadratmetr ərazidə profilaktik dezinfeksiya işləri həyata keçirilib. İribuynuzlu heyvanlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur. Digər peyvənd və diaqnostik təbirlər isə epizootik tədbirlər planına uyğun davam etdirilir. 

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri vətəndaşlar arasında maariflənmə işləri aparır, heyvanların yemlənmə, bəslənmə şəraitinin yaxşılaşdırılması və qaydalara ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verir.

Qeyd edək  ki, Saatlı Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən 2018-ci  il ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin qarşısını almaq məqsədi ilə 14040 baş iribuynuzlu və 2428 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Eləcə də ötən il 63693 baş iribuynuzlu, 114345 baş xırdabuynuzlu, 1847 baş təkdırnaqlı heyvanlarda qarayara və 2956 baş qapı itlərində quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. Həmçinin başa vurduğumuz il ərzində rayonda 12971 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri icra olunub.

Saatlı rayonunda bundan sonra epizootik tədbirlər plana uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptospiroz, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaqdır. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrin aparılması nəzərdə tutulur. 

Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

29.01.2019
148

Nəşrlər

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

  • 03(300) 20 fevral 2019-cu il

Bannerlər