QARAMAL VƏ QOYUNLARIN XLAMİDİYALI BALAATMASI

A+
A
A-

 

 

Xlamidiyalı balaatma-kontagioz xəstəlik olub, boğazlığın son həftələrində balaatma və ya vaxtından əvvəl doğum, bununla əlaqədar olaraq zəif və yaşama qabliyyətinə malik olmayan quzu və buzovların doğulması ilə səciyyələnir.

Tarixi məlumat. Qaramalda xəstəlik ilk dəfə 1923-cü ildə Traum və Xart tərəfindən Kaliforniyada, qoyunlarda isə 1936-cı ildə Şotlandiyada Qreyk tərəfindən qeyd edilmişdir. Qoyunlarda xəstəliyin törədicisi 1950-ci ildə Stamp tərəfindən, qaramalda isə Qirovd tərəfindən 1957-ci ildə aşkar edilmişdir. Hal-hazırda xəstəlik dünyanın əksər ölkələrində nəzərə çarpır.

Törədicisi. Xlamidiyalı balaatmanın törədicisi chlamudia cinsinə aid olan mikroorqanizmlərdir. Amil 6-7 günlük toyuq embrionlarının sarılıq kisəsində asanlıqla yetişir və yoluxdurmadan 8-12 gün keçmiş maksimum dərəcədə elementar cisimciklərin toplanması ilə əlaqədar olaraq onları öldürür.

Laboratoriya heyvanlarından xəstəliyin törədicisinə ağ siçan, siçovul, hind donuzu, adadovşanı və meymunlar həssaslıq göstərirlər.

Epizootoloji xüsusiyyətləri. Xəstəlik əsasən döl vaxtı enzootiya halında müşahidə edilir. Təsərrüfatda ilk infeksiya zamanı yoluxma 23-30% və bəzən 60% təşkil edir. Ən çox şişəklər və 2-ci doğar heyvanlar xəstələnir. Balaatmadan və erkən doğumdan sonra immunitet yaranır və sonrakı il xəstələnmiş heyvanların faizi aşağı düşür. Bəzən ölü və zəif quzular doğulur ki, bunlar da yaşama qabiliyyətinə malik olmur.

İnfeksiya törədicisinin mənbəyi xəstə heyvanlardır. Bundan əlavə xəstəliyə görə qeyri-sağlam təsərrüfatlardan alınmış heyvanlar da gizli amilgəzdirən kimi özünü göstərməklə növbəti dölə qədər xəstəlik törədicisini xarici mühitə ixrac edir.

Yoluxma, xəstə heyvanlarla sağlamın kontaktı zamanı baş verir. Bundan əlavə alimentar yolla, cütləşmə və vertikal yoluxma da mümkündür.

Zoogigiyeniki şəraitin pozulması, keyfiyyətsiz yemlərlə yemləmə və mayalanmanın düzgün təşkil edilməməsi xəstəlik baş verməsinə şərait yaradır.

Patogenez. Boğaz heyvanlarda xlamidiyalar plasenta toxumasını zədələyir, kotiledonlarda nekroz törədir və nəticədə döl tələf olur. Bundan əlavə xlamidiyalar daxili orqanlarda da inkişaf edir və onların fəaliyyətini pozur.

Quzuların erkən doğulması plasentitlə əlaqədardır. Eksperimental xəstəlik zamanı qaraciyər, dalaq, böyrəklər, ağciyər, regionar limfa düyunləri, beyin və s. orqanlardan amili ayırmaq mümkündür. Müəyyən edilmişdir ki, orqanizmə düşmüş amil toksin hasil edir və qana keçərək ayrı-ayrı orqan və toxumalara paylanır. Orqanizmin cavab reaksiyası kimi temperaturun yüksəlməsi, ümumi ölkünlük, hüceyrələrdə retikulo-histositar və limfoid tipli proliferasiya, qaraciyərdə nekroz sahələri yaranır. Cinsiyyət üzvlərinə amilin yüksək tropizmi nəticəsində xlamidiyalar xorion epitelisində kotiledonların xovlarında toplanır, çoxalır və nekroz törədir.

Kliniki əlamətləri. İnkubasiya dövrü təbii yoluxmada bir neçə aydan bir neçə ilə qədər, eksperimental yoluxmada isə 5-7 həftə davam edir.

Tipik gedişli xəstəlik zamanı balaatma, erkən doğum nəticəsində yaşama qabiliyyətinə malik olmayan zəif quzular doğulur. Balaatmadan bir neçə gün əvvəl qoyunlarda plasentitə xas olan əlamətlər, temperaturun yüksəlməsi, sancı, cinsiyyət yolundan əvvəlcə selikli, sonra isə selikli-irinli axıntı müşahidə edilir. Axıntı bəzi heyvanlarda həmçinin balaatmadan və doğumdan sonra da nəzərə çarpır. Sekundar bakterial mikrofloranın orqanizmə düşməsi nəticəsində heyvanlarda temperatur yenidən yüksəlir və cinsiyyət yolundan isə irinli, ağrəngli və turş maye axır. Doğulmuş quzularda çox vaxt artritlər, ətrafların parezi, onurğa sütununun əyilməsi nəzərə çarpır. Bundan əlavə bəzi quzularda konyunktivit müşahidə edilir.

Balaatmış qoyunların ümumi vəziyyəti ağır olmaqla bəzən bir neçə gündən sonra tələf olur. Əgər bala balaatma dövründə tələf olursa qoyunların ümumi vəziyyətində mühüm dəyişiklik nəzərə çarpmır, ancaq belə qoyunlar zəifləyir və döllük əhəmiyyətini itirir.

Patoloji-anatomik dəyişikliklər. Heyvanlarda plasentanın iltihabı, dölün zədələnməsi müşahidə edilir. Atılmış döldə qan sağıntıları və şişkinlik, qarın və köks boşluğunda qanlı serozlu transudat görünür. Bəzən atılmış bala quru qanqrenalı (mumifikasyialı) olur. Döl pərdələri, kotiledonlar üzərində qan sağıntılarından əlavə nekroz sahələri nəzərə çarpır. Dölün qaraciyərində öd axarları boyunca limfa-histositar proliferatlar, dalaqda diffuz və məhdud sahəli retikuloendotelial hiperplaziya hiss edilir. Böyrəkdə dərin distrofik və nekrotiki dəyişikliklər görünür.

Qaramalda cinsiyyət üzvlərindəki patoloji dəyişikliklərdən əlavə ağciyərin iltihabı, droniki enterit, endokardit və qlamerulonefrit müşahidə edilir.

Balaatmış qoyunlarda folikulların iltihab, kataral-irinli endosalpingit, qaraciyər parenximasında mononuklear hüceyrələrin toplanması, hepotositlərdə bilirubin, böyrəyin qıvrım kanalcıqlarında iltihab aşkar edilir.

Diaqnoz. Xəstəliyin kliniki əlamətləri və patoloji-anatomik dəyişiklikləri spesifik deyil. Buna görə də diaqnoz məqsədilə laboratoriya üsullarından istifadə edilir. Bunun üçün cinsiyyət yolunun axıntısı, döl pərdələri, kotiledonlar, xorion qişası və dölün daxili orqanlarından nümunə götürülərək yaxma hazırlanır, mikroskopiya edilərək elementar cisimciklər axtarılır.

Balaatmış qoyunların qanı KBR ilə yoxlanılaraq spesifik antitellər diaqnostik titrdə təyin edilir. Həmçinin amilin toyuq embrionunda yetişdirilməsi, ayrılması və onun əsas xüsusiyyətlərinin öyrənilməsi işi həyata keçirilir.

Patoloji materialdan hazırlanmış yaxmalar Stamp üsulu ilə boyanır və müayinə zamanı qrup və tək halda hüceyrədaxili və xaricində qırmızı rəngdə 300-500 nm böyüklükdə elementar cisimciklər görünür. Bundan başqa yaxmaların boyanması üçün May-Qryunvald, Romanovski-Gimza, Kastansdo və Makiavello üsullarından istifadə edilir.

Diaqnostikada seroloji reaksyalardan KBR effektlidir. Daha dəqiq üsul isə amilin 6-7 günlük toyuq embrionundan ayrılmasıdır.

Təfriqi diaqnoz. Xəstəliyi brusellyoz, salmonellyoz, kampilobakterioz, listerioz, leptospiroz, Ku-isitməsi və toksoplazmozdan təfriq etmək lazımdır.

Müalicə. Xəstəliyin törədicisi sulfanilamid preparatları və tetrasiklin qrupu antibiotiklərinə həssas olmasına baxmayaraq, xəstəlik nəticəsində cinsiyyət üzvündə bərpa olunmayan dəyişikliklərin əmələ gəlməsi ilə əlaqədar olaraq müalicə nəticə vermir.

Ancaq bəzi antibiotiklərin, xüsusilə tetrasiklin, oksi-tetrasiklin, spiramisin, reverin və digər tetrasiklin qrupu antibiotiklərin profilaktik məqsədlə işlədilməsi məsləhətdir.

Profilaktika və mübarizə tədbirləri. Xaricdə, qoyunlarda spesifik profilaktika məqsədilə formalinli inaktivləşmiş vaksin və alüminium-hidroksidli formolvaksindən istifadə edilir. Mayalanmadan əvvəl heyvanların həmin vaksinlərlə vaksinasiyası balaatmanı kəskin şəkildə azaldır.

Macarıstan firması, «Filaksiya» emulsin vaksin təklif etmişdir. Həmin vaksinlə peyvənddən sonra immunitet yaranaraq 1 ilə qədər davam edir.

Rusiyada spesifik profilaktika məqsədilə emulsin vaksin hazırlanmış və təsərrüfatlarda tətbiq edilir. Xəstəliyin profilaktikası üçün vaksinasiyadan əlavə aşağıdakı kompleks baytarlıq-sanitariya tədbirlərindən istifadə edilməlidir.

Təsərrüfata yeni gətirilmiş heyvanlar nəzarətdə saxlanmalı və şübhəli hallarda laboratoriya müayinələri aparılmalıdır. Mayalanma işi xüsusi ayrılmış yerdə aparılmalı və törədici heyvanların sperması xəstəlik törədicisinə görə yoxlanmalıdır.

Xəstə heyvanlar təcili əsas sürüdən ayrılmalı, müəyyən müalicə tədbirindən sonra ət üçün kəsilməlidir. Cari dezinfeksiya məqsədilə adi dezinfeksiya maddələrinin məhlullarından istifadə edilməlidir.

 

15.05.2017
1527

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər